Naxçıvan Müəllimlər İnstitutunun təcrübəçi tələbələri istedadlı şagirdlərin üzə çıxarılması üçün tədbirlər keçirirlər
6 noyabr 2019 – cu il tarixdə Naxçıvan Müəllimlər İnstitutunun Təbiət və incəsənət fakültəsinin Təhsildə sosial psixoloji xidmət və Təsviri incəsənət müəllimliyi ixtisası tələbələri pedaqoji təcrübədə olduqları Naxçıvan şəhər 11 nömrəli tam orta məktəbin müəllim və şagird kollektivi ilə birlikdə “09 noyabr Dövlət Bayrağı Günü”nə həsr olunmuş tədbir keçirilmiş, rəsm qabiliyəti olan şagirdlərin sərgisi təşkil olunmuşdur.
Tədbir Azərbaycan Respublikası Dövlət Himninin səslənməsi ilə başlamışdır. Sonra Naxçıvan Müəllimlər İnstitutunun prorektoru dosent Azad Novruzov çıxış edərək keçrilən tədbirin mahiyyətindən danışaraq qeyd etmişdir ki, tələbələr və şagirdlərin birlikdə hazırladıqları tədbir yeni nəslin fəaliyyəti və vətənpərvərliyi baxımından olduqca əhəmiyyətlidir. İndi hər bir Azərbaycan vətəndaşı müstəqil dövlətimizin bayrağı altında azad, firəvan, rahat şəkildə yaşayır və təhsil alır. Orta ümumtəhsil məktəblərində yeni nəslin formalaşması və inkişafı üçün dövlətimizin qayğısı və diqqəti nəticəsində bütün imkanlar var. Bu gün bu tədbirin hazırlanması da bunun bariz nümunəsidir. Sonra “09 noyabr Dövlət Bayrağı Günü” münasibətilə tədbir iştirakçılarını təbrik etmişdir. Naxçıvan şəhər Təhsil şöbəsinin Metodkabinet müdiri Sabir Məmmədov çıxış edərək bildirmişdir ki, Naxçıvan Müəllimlər İnstitutu tələbələri və 11 nömrəli tam orta məktəbin müəllim və şagird kollektivinin birgə hazırladıqları tədbir institut və orta məktəb əlaqələrinin qırılmaz vəhdətini təşkil və təmin edir. Bu ölkəmizdə və muxtar respublikamızda təhsilə verilən diqqət və qayğının nəticəsidir. 11 nömrəli tam orta məktəbin direktoru İlahə Fərəcova çıxış edərək tədbirin təşkilatçılarına öz minntədarlığını bildirmişdir. Sonda tədbir iştirakçılarına tədbirdə fəal iştiraklarına görə diplomlar təqdim edilmişdir.
Naxçıvan Müəllimlər İnstitutunun
mətbuat və ictimaiyyətlə əlaqələr xidməti