Naxçıvan Müəllimlər İnstitutunda təhsil proqramlarının keyfiyyətinin artırılması və əmək bazarının tələblərinə uyğunlaşdırılması istiqamətində tədbirlər davam etdirilir.
Bu məqsədlə 29 oktyabr 2025-ci il tarixdə “İbtidai sinif müəllimliyi və Məktəbəqədər təhsil ixtisasları üzrə təhsil proqramlarının təkmilləşdirilməsinin müzakirəsi məqsədilə əmək bazarı nümayəndələri ilə dəyirmi masa keçirilib.
Tədbirdə institutun rəhbərliyi, professor-müəllim heyəti və əmək bazarının nümayəndələri iştirak ediblər. Görüşün əsas məqsədi müvafiq ixtisaslar üzrə təhsil proqramlarının məzmununun yenilənməsi, tədris prosesinin praktik yönümlülüyünün artırılması və işəgötürənlərin gözləntilərinin nəzərə alınması olub.
Dəyirmi masanı giriş sözü ilə Naxçıvan Müəllimlər İnstitutunun rektoru vəzifələrini icra edən Elşən Məmmədov açıb. O, institutda təhsil proqramlarının mütəmadi şəkildə yenilənməsi, əmək bazarı ilə əlaqələrin möhkəmləndirilməsi və müəllim hazırlığında müasir yanaşmaların tətbiqi barədə məlumat verib.
Daha sonra institutun Elm və innovasiya məsələləri üzrə prorektoru, dosent Qurban Qurbanlı çıxış edərək ixtisas və fənlərin peşə kompetensiyalarına uyğunlaşdırılmasının, gələcək müəllimlərin real bacarıq və motivasiyalarının nəzərə alınmasının vacibliyini vurğulayıb. O bildirib ki, təhsil proqramlarının hazırlanmasında əmək bazarının tələblərinin və praktik yönümlülüyün əsas prioritetlərdən biri olması müasir müəllim hazırlığının keyfiyyətini artırır.
Müzakirələr zamanı iştirakçılar təhsil proqramlarının təkmilləşdirilməsi istiqamətində müxtəlif təkliflər irəli sürüblər.
Tədbir səmərəli fikir mübadiləsi və gələcək əməkdaşlıq istiqamətlərinin müəyyənləşdirilməsi ilə başa çatıb.


