Naxçıvan Muxtar Respublikanın 100 illik yubileyi və “COP 29”-a həsr olunmuş açıq səma altında dərs keçirilib.

15 oktyabr 2024-cü il tarixində Naxçıvan Müəllimlər İnstitutunun Təbiət və incəsənət fakültəsinin İncəsənət kafedrasının təşkilatçılığı ilə Təsviri incəsənət müəllimliyi ixtisası üzrə l kurs tələbələrinin Rəngkarlıq dərsi açıq səma altında keçirilib. Dərs Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyinin Bioresurslar institutunun Nəbatət bağında reallaşıb.
Öncə Nəbatət bağının Şöbə müdiri Biologiya üzrə fəlsəfə doktoru Teyyub Paşayev Nəbatət bağı haqqında, müxtəlif ölkədən gətirilərək yerli şəraitə uyğunlaşdırılan, eləcə də orada qulluq göstərilən, tədqiqatçılar tərəfindən araşdırılan ölkəmizə aid nadir bitkilər, ağaclar haqqında məlumat verib. Fakültənin dekanı Pedaqogika üzrə fəlsəfə doktoru, dosent Rövşən Vəliyev və İncəsənət kafedrasının müdiri, Sənətşünaslıq üzrə fəlsəfə doktoru Həbibə Allahverdiyeva Azərbaycan Respublikasının Prezidenti tərəfindən muxtar respublikanın 100 illik yubileyi, 2024-cü ilin Yaşıl Dünya Naminə Həmrəylik İli kimi qeyd olunması haqqında verdiyi Sərəncamlar, COP-29 kimi nəhəng beynəlxalq tədbirin ölkəmizdə qeyd olunması haqqında, təbiət, ətraf mühitin mühafizəsi haqqında danışıblar.
Sonra dərsi tədris edən İncəsənət kafedrasının müəllimi, Azərbaycan Rəssamlar İttifaqının üzvü Həbib Allahverdiyev tələbələrə təsvir edəcəkləri güşələr haqqında məlumat verib, təbiət motivlərinin təsvirinin ifadə vasitələrindən danışaraq onlara istiqamət verib
Gənclərin yaradıcılıq potensialının yüksəldilməsində böyük rolu olan etüd dərsində tələbələr müxtəlif ağac və gül təsvirlərini kağız üzərində karandaş və sulu boyalarla əks etdiriblər.