Naxçıvan Müəllimlər İnstitutunda Məzunlar Assosiasiyası yaradılıb

08 oktyabr 2025-ci il tarixində Naxçıvan Müəllimlər İnstitutunda məzunlarla qarşılıqlı əlaqələrin gücləndirilməsi, onların bilik və təcrübələrinin tələbələrlə paylaşılması, peşəkar inkişaflarının dəstəklənməsi məqsədilə Məzunlar Assosiasiyası təsis edilib.
Yeni yaradılmış bu platforma institutun məzunları ilə uzunmüddətli, sistemli və qarşılıqlı faydalı əməkdaşlıq modelinin formalaşdırılmasına xidmət edir. Assosiasiyanın əsas məqsədləri sırasında məzunların akademik və peşəkar inkişafının dəstəklənməsi, onların ömürboyu təhsil prosesinə inteqrasiyası və institutun ictimai nüfuzuna töhfə verilməsi dayanır.
Bu məqsədlə institutda Məzunlar Assosiasiyasının Təsis Konfransı keçirilib. Tədbirdə müxtəlif illərdə Naxçıvan Müəllimlər İnstitutunu bitirmiş məzunlar, professor-müəllim heyəti iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan Naxçıvan Müəllimlər İnstitutunun rektoru vəzifələrini icra edən Elşən Məmmədov qeyd edib ki, Assosiasiyanın yaradılması müasir ali təhsil müəssisəsinin inkişaf modelində vacib strateji addımlardan biridir. O bildirib ki, təhsil müəssisəsinin uğuru onun məzunlarının uğuru ilə ölçülür və biz bu platformanı yalnız əlaqə vasitəsi deyil, eyni zamanda institutun gələcək inkişafında məzunların bilik və təcrübəsinin aktiv istifadəsinə yönəlmiş dayanıqlı bir sistem kimi görürük. Əminik ki, bu təşəbbüs təkcə təhsil prosesinə yox, cəmiyyətə də real töhfələr verəcək.
Daha sonra çıxış edən Naxçıvan Müəllimlər İnstitutunun Elm və innovasiya məsələləri üzrə prorektoru Qurban Qurbanlı Məzunlar Assosiasiyasının əsasnamə layihəsi ilə tədbir iştirakçılarını tanış edib. O bildirib ki, layihədə Assosiasiyanın hüquqi statusu, məqsəd və vəzifələri, idarə olunma mexanizmləri, üzvlük qaydaları və fəaliyyət istiqamətləri ətraflı şəkildə əks olunub. Prorektor vurğulayıb ki, Əsasnamə məzunlarla institut arasında sistemli əməkdaşlıq üçün hüquqi baza yaradır. Burada göstərilən prinsiplər əsasında Assosiasiya gələcəkdə həm tədris prosesinə, həm də əmək bazarına yönəlik layihələrdə fəal iştirak edə biləcək.
Konfrans çərçivəsində Məzunlar Assosiasiyasının İdarə Heyəti formalaşdırılıb. Açıq səsvermə yolu ilə institutun uğurlu məzunu Taleh Xəlilov Assosiasiyanın sədri seçilib, yeni rəhbərliyə qarşıdakı fəaliyyətlərində uğurlar arzulanıb.
Məzunlar institutla bağlı xatirələrini bölüşüb, təhsil aldıqları dövrdə qazandıqları bilik və bacarıqların onların hazırkı fəaliyyətlərinə verdiyi töhfədən danışıblar. Onlar Assosiasiyanın gələcək inkişafı üçün öz dəstək və iştiraklarını da ifadə ediblər.
Qeyd edək ki, yaxın günlərdə istifadəyə veriləcək onlayn qeydiyyat platforması vasitəsilə məzunlar Assosiasiyaya asan şəkildə üzv ola biləcəklər. Platforma üzərindən məzun məlumat bazası formalaşdırılacaq, sistemli əlaqələr qurulacaq və gələcək fəaliyyətlər haqqında məlumatlandırma operativ şəkildə aparılacaq.
Assosiasiyanın fəaliyyət istiqamətləri çərçivəsində görüşlər, seminarlar, təlimlər, karyera günləri, təcrübə proqramları və digər inkişaf yönümlü təşəbbüslərin həyata keçirilməsi nəzərdə tutulur.
Konfransın sonunda institut rəhbərliyi və məzunlar xatirə şəkli çəkdiriblər.
-Naxçıvan Müəllimlər İnstitutu təhsilin və elmin gücünə inanan, institutun dəyərlərinə bağlı olan bütün məzunlarını Məzunlar Assosiasiyasının fəal üzvü olmağa və bu birgə yolda instituta dəstək verməyə dəvət edir.
Aygül Məmmədova
Mətbuat və ictimaiyyətlə əlaqələr üzrə baş mütəxəssis