18 sentyabr 2025-ci ol tarixdə Naxçıvan Müəllimlər İnstitutunun Təbiət və İncəsənət fakültəsinin İncəsənət kafedrasının təşkilatçılığı ilə Azərbaycanın görkəmli bəstəkarı, dahi musiqişünas Üzeyir Hacıbəylinin anadan olmasının 140 illiyinə və 18 sentyabr – Milli Musiqi Gününə həsr olunmuş “Musiqi xəzinəmizin rənglərdə əksi” adlı rəsm sərgisi təşkil olunub.
Tədbirdə giriş sözü ilə institutun rektoru vəzifələrini icra edən Elşən Məmmədov çıxış edib. O, vurğulayıb ki, Üzeyir Hacıbəyli Azərbaycan musiqisinin yalnız bir bəstəkarı deyil, həm də milli kimliyimizin formalaşmasında mühüm rol oynamış böyük ziyalı, maarifçi və dövlətçilik ideyalarının daşıyıcısıdır:
“Üzeyir Hacıbəylinin əsərlərində həm Şərqin zəngin musiqi ənənələri, həm də Qərbin klassik musiqi mədəniyyəti böyük ustalıqla sintez olunmuşdur. Məhz buna görə də Üzeyir Hacibəyli yalnız Azərbaycan musiqisinin deyil, bütün türk və Şərq xalqlarının musiqi mədəniyyətində silinməz izlər qoymuşdur. Bu gün ölkəmizdə Üzeyir Hacıbəylinin doğum gününün Milli Musiqi Günü kimi qeyd olunması dövlətimizin milli-mədəni dəyərlərimizə verdiyi yüksək qiymətin bariz nümunəsidir. Bu ənənə gənc nəslin milli musiqimizə sevgi və ehtiram ruhunda yetişməsinə xidmət edir.”
Elşən Məmmədov çıxışında həmçinin tələbələrin yaradıcı fəaliyyətinin önəmini qeyd edərək bildirib ki, gənclərin Üzeyir Hacıbəylinin irsindən ilhamlanaraq öz əsərlərində milli musiqi motivlərini əks etdirməsi onların həm sənətkarlıq bacarığını, həm də milli kimlik şüurunu daha da gücləndirir.
Daha sonra İncəsənət kafedrasının müdiri, sənətşünaslıq üzrə fəlsəfə doktoru, əməkdar rəssam Həbibə Allahverdiyeva çıxış edib. O, sərginin tələbələrin yaradıcılıq potensialını üzə çıxarmaq baxımından əhəmiyyətini vurğulayaraq bildirib ki, tarix və mədəniyyət yalnız kitablarda və yaddaşlarda deyil, həm də rəssamların fırçasında yaşayır. Rəsm əsərləri xalqımızın ruhunu, musiqimizin ecazını və milli mədəniyyətimizin zənginliyini özündə əks etdirir. Həbibə Allahverdiyeva diqqətə çatdırıb ki, bu sərgidə kafedranın müəllim və tələbələri Üzeyir Hacıbəylinin irsini rənglərin dili ilə təqdim edərək, bir daha sübut edirlər ki, incəsənət xalqların mənəvi yaddaşını yaşadan ən güclü vasitələrdən biridir.
Çıxışlardan sonra sərgiyə baxış keçirilib. Tədbir boyu Üzeyir Hacıbəylinin musiqilərinin həzin sədaları səslənib, sərgiyə xüsusi ruh və milli ahəng bəxş edib. İştirakçılar tələbələrin əsərlərində musiqi irsimizin rənglərdə əksini maraqla izləyiblər.


