NMİ-də “Ümumi təhsilin aktual elmi problemləri” mövzusunda V Respublika elmi-praktik konfransı keçirilib

    22 may 2026-cı il tarixində Naxçıvan Müəllimlər İnstitutu, Azərbaycan Respublikasının Təhsil İnstitutu və Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin birgə təşkilatçılığı ilə “Ümumi təhsilin aktual elmi problemləri” mövzusunda V Respublika elmi-praktik konfransı keçirilib. Hibrid formatda təşkil olunan tədbirdə respublikanın müxtəlif ali təhsil və elmi müəssisələrinin nümayəndələri həm əyani, həm də onlayn şəkildə iştirak ediblər.
Konfransın əvvəlində Ümummilli Lider Heydər Əliyev və Vətən uğrunda canından keçmiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub, daha sonra Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
Konfransda giriş sözü ilə çıxış edən Naxçıvan Müəllimlər İnstitutunun rektoru vəzifələrini icra edən dosent Elşən Məmmədov konfrans iştirakçılarını salamlayaraq tədbirin işinə uğurlar arzulayıb. O, çıxışında müasir dövrdə sürətlə dəyişən qlobal çağırışların təhsil sistemindən yeni yanaşmalar tələb etdiyini vurğulayıb. Qeyd olunub ki, rəqabətqabiliyyətli və innovativ düşüncəyə malik kadrların hazırlanması müasir təhsil siyasətinin əsas prioritetlərindəndir. Elşən Məmmədov ənənəvi təhsildən innovativ təhsil modelinə keçidin zəruriliyini qeyd edərək bu istiqamətdə adaptasiyanın davam etdirilməsinin vacibliyini bildirib.
O, həmçinin konfransın elm və təhsil müəssisələri arasında əməkdaşlığın genişlənməsi, elmi müzakirələrin dərinləşməsi və yeni yanaşmaların formalaşması baxımından mühüm əhəmiyyət daşıdığını vurğulayıb. Elşən Məmmədov tədbirin Naxçıvan Müəllimlər İnstitutunun ev sahibliyi ilə geniş elmi çərçivədə təşkil olunduğunu qeyd edərək, konfransın multidisiplinar yanaşma baxımından xüsusi önəm daşıdığını bildirib. O, tərəfdaş qurumlara təşəkkürünü ifadə edərək belə elmi konfransların ənənəvi xarakter almasının əhəmiyyətini diqqətə çatdırıb.
Sonra çıxış edən Naxçıvan Muxtar Respublikasının təhsil nazirinin müavini Əli Vəliyev müasir dövrdə elm və texnologiyanın inkişafının təhsil qarşısında yeni vəzifələr qoyduğunu bildirib. O, təhsildə yenilənmənin və elmi əsaslı yanaşmaların tətbiqinin zəruriliyini vurğulayaraq elmi tədqiqatların ümumtəhsil məktəblərində tətbiqinin vacibliyini qeyd edib. Əli Vəliyev konfransın təhsil sistemində innovativ yanaşmaların formalaşmasına töhfə verəcəyinə inamını ifadə edib, təşkilatçılara və iştirakçılara uğurlar arzulayıb.
Daha sonra Naxçıvan Müəllimlər İnstitutunun e
Elm və innovasiya məsələləri üzrə prorektoru dosent Qurban Qurbanlı çıxış edib. O, müxtəlif ali təhsil və elmi müəssisələrin bir araya gəlməsinin elm və təhsilə göstərilən diqqətin göstəricisi olduğunu bildirib. Ulu öndər Heydər Əliyev tərəfindən əsası qoyulan “Təhsil millətin gələcəyidir” ideyasının bu gün də dövlət təhsil siyasətinin əsasını təşkil etdiyini vurğulayıb. O, həmçinin Prezident İlham Əliyev tərəfindən təhsil sahəsində aparılan islahatların uğurla davam etdirildiyini qeyd edib.
Qurban Qurbanlı son dövrlərdə həyata keçirilən müəllimlərin sertifikatlaşdırılması prosesini mühüm təhsil islahatlarından biri kimi dəyərləndirib və bu münasibətlə təhsil ictimaiyyətini təbrik edib. Keçirilən elmi konfransın əhəmiyyətini qeyd edərək bu konfransın sadəcə elmi məruzələrin təqdim olunduğu platforma olmadığını deyib. Diqqətə çatdırıb ki, elmə əsaslanan təhsil modeli Azərbaycanın inkişafının əsas təminatıdır və bu konfrans Azərbaycan təhsilinin gələcəyini düşünən bir çox insanların ortaq intellektual məkanıdır.
Plenar iclasda Azərbaycan Respublikasının Təhsil İnstitutunun Təhsilin nəzəriyyəsi və tarixi şöbəsinin müdiri, professor İntiqam Cəbrayılov “Rəqəmsal transformasiya dövründə şagirdlərin funksional savadlılığının inkişafı: problemlər və həll yolları” mövzusunda çıxış edib. O, Naxçıvan Müəllimlər İnstitutu ilə əməkdaşlıq çərçivəsində keçirilən konfransların elmi-pedaqoji müzakirələrin genişlənməsinə töhfə verdiyini, gənc tədqiqatçıların yeni elmi istiqamətlərə marağını isə müsbət hal kimi qiymətləndirib.
Konfrans 16 panel üzrə öz işini davam etdirib. Konfransda 20-dən artıq elm və ali təhsil müəssisəsindən nümayəndələrin iştirakı ilə təxminən 200-ə yaxın elmi məqalə və tezis təqdim olunub. Müzakirələrdə ümumi təhsil sahəsində dövlət siyasəti, rəqəmsallaşma, süni intellekt, innovativ təlim texnologiyaları, monitorinq və qiymətləndirmə, eləcə də müxtəlif fənlərin tədrisinin aktual problemləri geniş şəkildə müzakirə olunub.
Sonda konfransın yekunları elan edilib, iştirakçılara sertifikatlar təqdim edilib.