Naxçıvan Müəllimlər İnstitutunda “Azərbaycan dili və ədəbiyyat” kafedrasının təşkilatçılığı ilə ümuminstitut elmi seminarları çərçivəsində “Tədris prosesində araşdırma bacarıqlarının formalaşdırılması mövzusunda seminar keçirilib.
Elmi seminarın açılışında İnstitutun Tədris işləri üzrə prorektoru, rektor vəzifəsini icra edən Elşən Məmmədov çıxış edərək, müasir təhsil sistemində araşdırma bacarıqlarının inkişafının əhəmiyyətindən bəhs edib və bu istiqamətdə keçirilən elmi seminarların müəllim və tələbələrin elmi potensialının artırılmasına töhfə verdiyini vurğulayıb.
Seminarda “Azərbaycan dili və ədəbiyyat” kafedrasının baş müəllimi Təranə Qəbulova “Tədris prosesində araşdırma bacarıqlarının formalaşdırılması (ədəbiyyat fənninin materialları əsasında)” mövzusunda məruzə ilə çıxış edib. Məruzədə ədəbiyyat fənninin tədrisində araşdırma bacarıqlarının inkişaf etdirilməsi yolları, bu bacarıqların tələbələrin tənqidi düşünmə və analitik qabiliyyətlərinin artırılmasındakı rolu geniş şəkildə təhlil olunub.
Məruzədən sonra mövzu ətrafında müzakirələr aparılıb, iştirakçılar tərəfindən müxtəlif təkliflər irəli sürülüb və fikir mübadilələri edilib. Seminarın sonunda iştirakçılar bu cür elmi tədbirlərin davamlı olaraq keçirilməsinin tədris prosesinin keyfiyyətinin yüksəldilməsinə və müəllimlərin peşəkar inkişafına müsbət təsir göstərəcəyini qeyd ediblər.

