NMİ-də gənclərin təşəbbüsü ilə sosial ədalətə dair maarifləndirici tədbir keçirilib

Naxçıvan Müəllimlər İnstitutu (NMİ) və Naxçıvan Regional “ASAN xidmət” mərkəzinin birgə təşkilatçılığı ilə “Fərqli yaş qruplarına aid insanlar arasında sosial ayrı-seçkilik və onun təsirləri” mövzusunda maarifləndirici tədbir keçirilib. Tədbirin əsas məqsədi müxtəlif yaş qrupları arasında sosial ədalətin və empatiyanın təşviqi olub.
Tədbiri NMİ Tələbə Gənclər Təşkilatının sədri Altay Cəfərli və “ASAN xidmət” mərkəzinin könüllülərlə iş üzrə məsul əməkdaşı İnci Quliyeva açaraq, sosial ayrı-seçkiliyin cəmiyyətə təsirləri və bu istiqamətdə gənclərin rolundan bəhs ediblər.
Pedaqogika və psixologiya kafedrasının müdiri, psixologiya üzrə fəlsəfə doktoru Sevinc Vəliyeva tədbirdə geniş təqdimatla çıxış edərək sosial ayrı-seçkiliyin psixoloji aspektləri, onun fərdlər və cəmiyyət üzərindəki təsirləri haqqında ətraflı məlumat verib.
Tədbirdə Mərkəzin könüllüləri və ali, orta ixtisas təhsili müəssisələrinin tələbələri fərdi və qrup şəklində təqdimatlarla çıxış edərək, sosial ayrı-seçkilik mövzusunu müxtəlif aspektlərdən işıqlandırıblar. Eyni zamanda, şəhər sakinləri ilə aparılmış müsahibələr əsasında hazırlanan videoçarx nümayiş olunub və bu, iştirakçılar tərəfindən maraqla qarşılanıb.
Tədbirin sonunda iştirakçılar arasında mövzuya uyğun anket sorğusu keçirilib. Nəticələrə əsasən, respondentlərin 85 faizi sosial ayrı-seçkiliyi cəmiyyətdə ciddi problem kimi qiymətləndirib.
Maarifləndirici tədbir gənclərin sosial məsələlərə dair məlumatlılığını artırmaqla yanaşı, onların empatiya və analitik düşünmə bacarıqlarını inkişaf etdirməyə töhfə verib. Tədbirdəki aktiv iştirak və təşəbbüskar yanaşma, gənclərin cəmiyyətin aktual problemlərinə qarşı nə dərəcədə həssas və məsuliyyətli olduqlarını nümayiş etdirib.