Ali təhsil ocağında Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 102-ci ildönümünə həsr olunmuş tədbir keçirilib

   Naxçıvan Müəllimlər İnstitutunda Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 102-ci ildönümü münasibətilə “Ümummilli lider Heydər Əliyevin müasir Azərbaycan təhsilinə töhfələri” mövzusunda tədbir təşkil olunub.
Tədbiri giriş sözü ilə institutun rektoru vəzifələrini icra edən Elşən Məmmədov açaraq bildirib ki, Ümummilli Lider Heydər Əliyevin təhsil sahəsində həyata keçirdiyi uzaqgörən siyasət bu gün də ölkəmizin davamlı inkişafının əsasını təşkil edir. O qeyd edib ki, Ulu Öndərin rəhbərliyi ilə formalaşan milli təhsil strategiyası yalnız bilik verməklə kifayətlənmir, eyni zamanda milli kimliyin, vətənpərvərlik ruhunun və dövlətçilik düşüncəsinin aşılanmasına xidmət edir.
Elşən Məmmədov, həmçinin vurğulayıb ki, Naxçıvan Müəllimlər İnstitutu Ulu Öndər Heydər Əliyevin xalqımıza, xüsusilə Naxçıvan əhalisinə 25 il öncə bəxş etdiyi dəyərli bir təhsil müəssisəsidir. Bu ali məktəb öz fəaliyyətində hər zaman Heydər Əliyev ideyalarına sadiq qalaraq, müəllim hazırlığında keyfiyyətin artırılması, milli təhsil kadrlarının formalaşdırılması istiqamətində mühüm rol oynayır. O qeyd edib ki, bu gün institutun kollektivi Ulu Öndərin müəyyən etdiyi yolun layiqli davamçısı olmaq üçün əzmlə çalışır və gənc nəslin vətənə, dövlətə sədaqətli, bilikli və bacarıqlı yetişməsi istiqamətində mühüm addımlar atır.
Daha sonra mövzu üzrə çıxışlar dinlənilib. İnstitutun Ümumi işlər üzrə prorektoru Xəyal Camalov “Ulu Öndər Heydər Əliyevin milliləşmə siyasəti, Azərbaycançılıq ideologiyası və Azərbaycan gəncliyi qarşısında qoyduğu vəzifələr” mövzusunda çıxış edərək qeyd edib ki, Ümummilli Liderin müəyyən etdiyi ideoloji xətt bu gün də dövlətimizin milli siyasətinin təməlini təşkil edir. O bildirib ki, Heydər Əliyev Azərbaycançılıq ideologiyasını yalnız siyasi konsepsiya kimi deyil, həm də milli birlik və dövlətçilik təməllərinin əsas dayağı kimi inkişaf etdirmişdir.
Xəyal Camalov çıxışında diqqətə çatdırıb +ki, Ulu Öndərin gənclərlə bağlı irəli sürdüyü strateji hədəflər – intellektual, vətənpərvər, milli dəyərlərə sadiq və çağdaş dünya ilə rəqabətə davamlı bir nəslin yetişdirilməsi – bu gün Azərbaycan dövlətinin gənclər siyasətində əsas istiqamət olaraq qorunur və inkişaf etdirilir.
Humanitar və ictimai fənlər kafedrasının müəllimi Nazlı Yaqubova “Heydər Əliyev və müasir Azərbaycan təhsilinin əsasını qoyan dövlət siyasəti” mövzusunda çıxış edərək vurğulayıb ki, Ulu Öndərin rəhbərliyi ilə əsası qoyulan və bu gün də uğurla davam etdirilən dövlət siyasəti təhsil sahəsində köklü islahatlara zəmin yaratmışdır. O qeyd edib ki, Heydər Əliyev təhsili millətin gələcəyinin təminatçısı kimi qiymətləndirir, onun inkişafını isə dövlətin strateji prioriteti hesab edirdi.
Tarix müəllimliyi ixtisası üzrə III kurs tələbəsi Amil Babazadə isə “Milli təhsil modelinin formalaşmasında Heydər Əliyev irsi” mövzusunda çıxış edərək, gənc nəsil olaraq Ulu Öndərin ideyalarına sadiqliyin vacibliyini vurğulayıb.
Tədbirin sonunda Ümummilli Lider Heydər Əliyevin həyat və fəaliyyətinə həsr olunmuş videoçarx nümayiş etdirilib.