7 may tarixində Naxçıvan Müəllimlər İnstitutunda 2024–2025-ci tədris ilində TEC xətti ilə yerinə yetirilmiş elmi-tədqiqat işlərinin nəticələrinə həsr olunmuş ümuminstitut yekun konfransı keçirilib. Tədbir Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 102-ci ildönümünə və “Konstitusiya və Suverenlik İli” çərçivəsinə uyğun olaraq təşkil olunub. Konfransda Naxçıvan Müəllimlər İnstitutunun rəhbərliyi, professor-müəllim heyəti, tələbələr və gənc tədqiqatçılar iştirak ediblər.
Plenar iclasda giriş sözü ilə çıxış edən Naxçıvan Müəllimlər İnstitutunun rektoru vəzifəsini icra edən, riyaziyyat üzrə fəlsəfə doktoru, dosent Elşən Məmmədov tədbir iştirakçılarını salamlayıb, konfransın keçirilməsinin əhəmiyyətindən danışıb. O, tələbələrin elmi axtarışlara göstərdiyi marağın və onların təhsildəki fəallığının artmasından məmnunluğunu ifadə edərək qeyd edib ki, bu cür tədbirlər gənclərin tədqiqat bacarıqlarının formalaşmasına, müstəqil düşüncə qabiliyyətlərinin inkişafına və akademik dünyagörüşlərinin genişlənməsinə şərait yaradır.
Çıxışı zamanı Elşən Məmmədov Ümummilli Lider Heydər Əliyevin təhsilə və elmə göstərdiyi xüsusi diqqətə toxunaraq bildirib ki, Ulu Öndərin “Təhsil millətin gələcəyidir” fikri bu gün də öz aktuallığını qorumaqdadır və Azərbaycan gəncliyinin elmə yönəldilməsi, intellektual potensialının inkişafı dövlətin müəyyən etdiyi strateji xəttin nəticəsidir. O, həmçinin qeyd edib ki, bu gün keçirilən tələbə elmi konfransı da Heydər Əliyev irsinin, onun müəyyən etdiyi elmi düşüncə və təhsil fəlsəfəsinin davamı kimi dəyərləndirilməlidir.
Elşən Məmmədov çıxışının sonunda tələbələrin elmi fəaliyyətlərə daha fəal şəkildə cəlb olunmasının institutun prioritet istiqamətlərindən biri olduğunu qeyd edərək, bu işdə müəllim və elmi rəhbərlərin dəstəyinin əvəzolunmaz olduğunu vurğulayıb.
Daha sonra çıxış edən Naxçıvan Müəllimlər İnstitutunun Elm və innovasiya məsələləri üzrə prorektoru, filologiya üzrə fəlsəfə doktoru, dosent Qurban Qurbanlı fəaliyyətinin 25-ci ilini qeyd etməyə hazırlaşan Naxçıvan Müəllimlər İnstitutunda Tələbə Elmi Cəmiyyətinin 25-ci keçirilən konfransı olduğunu iştirakçıların diqqətə çatdırıb, institutda elmi mühitin formalaşdırılması və inkişafı istiqamətində həyata keçirilən tədbirlərdən bəhs edib. O bildirib ki, son illərdə tələbələrin elmi tədqiqat fəaliyyətinə marağının artırılması məqsədilə institutda sistemli işlər aparılır, elmi seminarlar, metodiki müzakirələr və interaktiv layihələr təşkil olunur. Prorektor vurğulayıb ki, tələbələrin TEC xətti ilə təqdim etdiyi məruzələr onların analitik düşünmə, tədqiqat aparma və nəticə çıxarma bacarıqlarının formalaşmasında mühüm rol oynayır.
Qurban Qurbanlı elmi fəaliyyətin yalnız nəzəri biliklərlə məhdudlaşmadığını, praktiki nəticələr doğurmasının və cəmiyyət üçün faydalı ideyalar irəli sürməsinin vacibliyini xüsusi qeyd edib. O əlavə edib ki, tələbələrin araşdırmalarında aktual mövzulara toxunmaları, o cümlədən müasir dövrün çağırışlarına uyğun elmi yanaşmalar irəli sürmələri institutun elmi strategiyasının uğurla həyata keçirildiyinin göstəricisidir.
TEC sədri, Riyaziyyat və informatika müəllimliyi ixtisası üzrə II kurs tələbəsi Aysuman Rüstəmova öz çıxışında il ərzində görülmüş işlər, keçirilən seminarlar və elmi müsabiqələr barədə məlumat verib, elmi fəaliyyətə cəlb olunmuş tələbələrin sayında artım müşahidə olunduğunu bildirib.
Plenar iclasda tədqiqatçı tələbələrdən iki nəfərin məruzəsi dinlənilib. Riyaziyyat və informatika müəllimliyi ixtisası üzrə V kurs tələbəsi Fatma Bağırova “İqlim dəyişilməsinin insan sağlamlığına təsiri: faktlar və rəqəmlər gənc tədqiqatçının gözü ilə” mövzusunda təqdimatla çıxış edib. Tarix müəllimliyi ixtisası üzrə I kurs tələbəsi Samir Vəliyev isə “Zəfər tarixi – böyük qayıdışa aparan yol” adlı məruzəsində müasir tariximizə gənc baxışı nümayiş etdirib.
Konfrans çərçivəsində tələbələrin elmi-tədqiqat fəaliyyətini əhatə edən 11 bölmə üzrə ümumilikdə 104 məruzə dinlənilib və müzakirələr aparılıb. Konfrans qaliblərin müəyyən edilməsi ilə öz işini yekunlaşdırıb.


