NMİ-də “Konstitusiya Demokratik Cəmiyyətin Hüquqi Əsasıdır” mövzusunda tədbir keçirilib

Naxçıvan Müəllimlər İnstitutunun və Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsmanın) birgə təşkilatçılığı ilə “Konstitusiya və Suverenlik ili” çərçivəsində “Konstitusiya demokratik cəmiyyətin hüquqi əsasıdır” mövzusunda tədbir keçirilib. Tədbirdə Ombudsmanın və Naxçıvan Müəllimlər İnstitutunun əməkdaşları, tələbələr və yerli media nümayəndələri iştirak edib.
Tədbir, əvvəlcə Ulu Öndər Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarını fəda etmiş şəhidlərin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlanıb. Daha sonra Azərbaycan Respublikası Dövlət Himni səsləndirilib.
Giriş sözü ilə çıxış edən Naxçıvan Müəllimlər İnstitutunun rektoru vəzifələrini icra edən Elşən Məmmədov tədbirin əhəmiyyətindən bəhs edərək, Konstitusiyanın demokratik cəmiyyətin hüquqi əsası olaraq xüsusi rolunu vurğulayıb. O, həmçinin hüquqi maarifləndirmə tədbirlərinin cəmiyyətin inkişafına və insan hüquqlarının qorunmasına verdiyi töhfələrə diqqət çəkib.
Ombudsmanın İnsan Hüquqlarının Müdafiəsi və Hüquqi Maarifləndirmə Şöbəsinin müdiri Validə Bayramova da tədbirdə giriş nitqi ilə çıxış edərək, Konstitusiyanın ölkəmizin hüquqi sisteminin təməlini təşkil etdiyini və onun insan hüquqlarının qorunmasında əvəzsiz rol oynadığını bildirib. O, hüquqi maarifləndirmə işlərinin cəmiyyətin hər bir fərdi üçün vacib olduğunu qeyd edib.
Tədbirdə Ombudsmanın əməkdaşı Nuranə Kərimova “Azərbaycan Respublikasının Konstitusiyası insan hüquq və azadlıqlarının qarantıdır” mövzusunda məruzə ilə çıxış edib, Azərbaycan Konstitusiyasının ölkənin hüquqi və siyasi həyatının əsasını təşkil etdiyini, eyni zamanda vətəndaşların hüquq və azadlıqlarını qorumaq üçün təmin etdiyi hüquqi zəmanətləri geniş şəkildə izah edib.
Həmçinin Naxçıvan Müəllimlər İnstitutunun Ümumi işlər üzrə prorektoru Xəyal Camalov “Vətəndaşların Konstitusiyada nəzərdə tutulmuş əsas vəzifələri” mövzusunda məruzə ilə çıxış edib. O, vətəndaşların hüquqlarından əlavə, onlara məxsus vəzifələri də bilməyin vacib olduğunu və bu vəzifələrin yerinə yetirilməsinin cəmiyyətin inkişafında mühüm rol oynadığını qeyd edib.
Daha sonra Naxçıvan Müəllimlər İnstitutunun Riyaziyyat və İnformatika müəllimliyi üzrə II kurs tələbəsi və institut Tələbə Elmi Cəmiyyətinin sədri Aysuman Rüstəmova “Müasir Azərbaycan Dövlətçiliyinin hüquqi və ideoloji təməli” mövzusunda çıxış edib.
Tədbirin yekununda “Dövlətin Əsasları” adlı videoçarx nümayiş etdirilib. Videoçarx, Azərbaycan dövlətçiliyinin tarixi inkişafını, Konstitusiyanın əhəmiyyətini və demokratik dəyərlərin qorunmasında dövlətin rolunu izah edib.