“Üzeyir Hacıbəylinin yaradıcılığında tarixilik və müasirlik: pedaqoji aspekt” mövzusunda elmi-praktik konfrans keçirilib

Naxçıvan Müəllimlər İnstitutunda ümuminstitut səviyyəsində təşkil edilən elmi konfranslar çərçivəsində növbəti tədbir həyata keçirilib. “Pedaqogika və psixologiya” kafedrasının təşkilatçılığı ilə baş tutan bu elmi-praktik konfrans 2025-ci ilin sentyabr ayında Azərbaycanın tanınmış bəstəkarı, Şərqdə ilk operanın yaradıcısı, böyük musiqişünas-alim, istedadlı publisist, dramaturq və pedaqoq, tanınmış ictimai xadim, Xalq artisti, Dövlət mükafatları laureatı, Azərbaycan Elmlər Akademiyasının həqiqi üzvü Üzeyir Əbdülhüseyn oğlu Hacıbəylinin anadan olmasının 140 ili münasibətilə “Üzeyir Hacıbəylinin yaradıcılığında tarixilik və müasirlik: pedaqoji aspekt” mövzusuna həsr olunub.
Konfransın açılışında institutun Tədris işləri üzrə prorektoru, rektor vəzifələrini icra edən Elşən Məmmədov çıxış edərək, dahi bəstəkar və maarifçi Üzeyir Hacıbəylinin Azərbaycan təhsil tarixindəki rolunu vurğulayıb, onun yaradıcılığının təkcə musiqi sahəsi ilə məhdudlaşmayaraq, pedaqoji fikir tariximizə də dəyərli töhfələr verdiyini qeyd edib.
Daha sonra “Pedaqogika və psixologiya” kafedrasının müdiri, pedaqogika üzrə fəlsəfə doktoru Sevinc Vəliyeva çıxış edərək konfransın əsas məramı və əhəmiyyəti haqqında danışıb. O, Üzeyir Hacıbəylinin çoxşaxəli yaradıcılığında pedaqoji fikirlərin mühüm yer tutduğunu vurğulayıb və əsas məruzəçiləri tədbir iştirakçılarına təqdim edib.
Konfransın tərəfdaşı olan Azərbaycan Elm Mərkəzinin “Elmi Tədqiqat” Beynəlxalq elmi jurnalının redaktoru, filologiya üzrə fəlsəfə doktoru, Azərbaycan Dövlət Pedaqoji Universitetinin dosenti Sevinc Sadıqova konfransa hibrid formada qoşularaq çıxış edib, keçirilən konfransın həmiyyətindən danışıb, konfransın işinə uğurlar arzulayıb.
Əsas məruzələrlə çıxış edənlər arasında Pedaqogika və psixologiya kafedrasının professoru, pedaqogika üzrə elmlər doktoru, dosent Kamal Camalov və pedaqogika üzrə fəlsəfə doktoru, dosent Vahid Rzayev də olub.
Professor Kamal Camalovun “Üzeyir Hacıbəyli əqli təhsil, təhsilin məzmunu və üsulları haqqında” adlı məruzəsində bəstəkarın pedaqoji baxışları elmi kontekstdə təhlil olunub, onun müasir təhsil sisteminə təsiri diqqətə çatdırılıb.
Dosent Vahid Rzayev isə “Üzeyir Hacıbəyli təlim üsulları haqqında” adlı çıxışında müəllifin pedaqoji irsində yer alan təlim metodlarını, onların aktuallığını və bu günün təhsili üçün əhəmiyyətini elmi əsaslarla izah edib.
Tədbir iki bölmədə ümumilikdə 17 məruzə ilə davam edib. Dinlənilən məruzələrdə Üzeyir Hacıbəylinin yaradıcılığının tarixi kontekstdə müasirliyə necə xidmət etdiyi, onun pedaqoji ideyalarının bu gün də aktual olduğu vurğulanıb. Elmi tədbir iştirakçılar tərəfindən maraqla qarşılanıb və geniş müzakirələrə səbəb olub.