18 aprel 2025-ci il tarixində Naxçıvan Müəllimlər İnstitutunda Naxçıvan Muxtar Respublikası Prokurorluğunun təşkilatçılığı ilə ətraf mühitin qorunması sahəsində hüquqi biliklərin artırılması, tələbə-gənclərin bu istiqamətdə maarifləndirilməsi və ekoloji məsuliyyətin təşviqi məqsədilə “Ətraf mühitin mühafizəsinin hüquqi əsasları” mövzusunda maarifləndirici tədbir keçirilib.
Tədbiri giriş sözü ilə Naxçıvan Müəllimlər İnstitutunun Ümumi işlər üzrə prorektoru Xəyal Camalov açaraq iştirakçıları salamlayıb, bu cür tədbirlərin gənc nəslin ekoloji hüquq biliklərinin formalaşmasında əhəmiyyətini vurğulayıb. O, çıxışında ətraf mühitin qorunmasının təkcə ekoloji məsələ deyil, həm də hüquqi və ictimai məsuliyyət olduğunu bildirib.
Daha sonra Naxçıvan Muxtar Respublikası Prokurorluğunun əməkdaşları — baş ədliyyə müşavirləri Faiq Səfərov və İsfəndiyar Qasımov çıxış edərək, ölkədə və muxtar respublikada ətraf mühitin mühafizəsi sahəsində mövcud qanunvericilik, hüquqi mexanizmlər və vətəndaş məsuliyyəti barədə ətraflı məlumat veriblər.
Tədbir zamanı ekoloji mövzuya dair videoçarx nümayiş olunub və iştirakçılar tərəfindən maraqla qarşılanıb.
Müzakirələr mərhələsində çıxış edən institutun əməkdaşı və doktorantı “Naxçıvan Ekoloji Maarifləndirmə və Ətraf Mühitin Mühafizəsinə Dəstək İctimai Birliyinin” sədri Aygül Məmmədova ekoloji təbliğatın gücləndirilməsinin, ictimai dəstəyin artırılmasının vacibliyini qeyd edib, gəncləri daha fəal olmağa çağırıb.
Tədbirin sonunda Xəyal Camalov yekun çıxış edərək tədbirin təşkilinə görə Naxçıvan Muxtar Respublikası Prokurorluğuna təşəkkürünü bildirib və iştirakçılara aktiv iştiraklarına görə minnətdarlıq edib.

