Naxçıvan Müəllimlər İnstitutunda Təhsildə Keyfiyyət Təminatı Agentliyinin təlimlərinə start verilib

Naxçıvan Müəllimlər İnstitutunda Təhsildə Keyfiyyət Təminatı Agentliyinin təlimlərinə start verilib
Naxçıvan Müəllimlər İnstitutu və Təhsildə Keyfiyyət Təminatı Agentliyi arasında bağlanmış əməkdaşlıq müqaviləsi əsasında 11 aprel 2022-ci il tarixindən başlayaraq təlimlərə start verilmişdir.
Təlimin açılış tədbirində giriş sözü ilə institutun rektoru Azad Novruzov şıxış edərək qeyd edib ki, dörd gün davam edəcək təlimi TKTA-nın eksperti, Təlim və metodologiya şöbəsinin müdiri Asiman İlyasov keçəcək. Rektor təlimçi haqqında geniş məlumat verərək bu əməkdaşlığın institut üçün olduqca əhəmiyyətli olduğunu vurğulayıb.
Təlimçi Asiman İlyasov təlimin əhəmiyyətindən danışaraq qeyd edib ki, təlimlərin məqsədi Azərbaycan Respublikasında ali təhsildə effektiv keyfiyyət təminatı sisteminin fəaliyyətini təşkil etməkdən, keyfiyyət nəticələri və əhatəliliyinə görə dünya ölkələri sırasında qabaqcıl mövqe tutan təhsil sisteminin formalaşdırılmasından, müasir dövrün tələblərinə uyğun bilik, bacarıq, səriştə və təcrübəyə malik rəqabətqabiliyyətli mütəxəssislərin əmək bazarına çıxışına dəstək göstərilməsindən ibarətdir.
İki saat davam edən bu günkü təlimin mövzusu Təhsil müəssisələrinin akkreditasiya qaydalarına həsr edilib. Təlimdə institutun dekanları, dekan müavinləri, kafedra müdirləri, digər struktur bölmələrinin əməkdaşları iştirak edib. Təlim olduqca əhəmiyyətli olub və sonda iştirakçıları maraqlandıran suallar cavablandırılıb.
Aygül Məmmədova
Naxçıvan Müəllimlər İnstitutunun mətbuat və ictimaiyyətlə əlaqələr xidməti