“Elm günləri” çərçivəsində VI seminar-müşavirə keçirilib.

Naxçıvan Müəllimlər İnstitutunda “Elm günləri” çərçivəsində VI seminar-müşavirə keçirilib
Naxçıvan Müəllimlər İnstitutunun “Elm günləri” çərçivəsində “Təhsilalanların elmi-tədqiqat fəaliyyətinin təşkili vəziyyəti və qarşıda duran vəzifələr” mövzusunda növbəti seminar-müşavirə keçirilib. Seminar-müşavirədə institutun professor-müəllim heyəti, elmi-tədqiqat işləri yerinə yetirən tələbələr, magistrantlar və onların elmi rəhbərləri iştirak edib.
Tədbiri giriş sözü ilə açan institutun rektoru Azad Novruzov qeyd edib ki, respublikamızda elmin inkişafı dövlət siyasətinin əsas prioritetlərindən biridir. Həmçinin elm və təhsilin inteqrasiyasının təmin edilməsi, yüksəkixtisaslı elmi kadrların hazırlanması sisteminin təkmilləşdirilməsi qarşıda duran əsas vəzifələrdəndir. Azərbaycan elminin inkişaf etdirilməsinə dövlət səviyyəsində böyük qayğı göstərilir. Ölkədə elmin davamlı inkişafı təmin edilir, alimin və elmin nüfuzu günü-gündən yüksəlir. Respublikamızda elmi-texniki infrastrukturun modernləşdirilməsi, tədqiqat müəssisələrinin statusuna və vəzifələrinə uyğun olaraq onların maddi-texniki bazasının möhkəmləndirilməsində mühüm addımlar atılır.
Rektor Naxçıvan Müəllimlər İnstitutunun elmi-tədqiqat və elmi-təşkilati fəaliyyəti haqqında danışaraq vurğulayıb ki, digər ali təhsil müəssisələri kimi bizim institutumuzda da tələbələrin Tələbə Elmi Cəmiyyəti xətti ilə elmi-tədqiqat işlərinə cəlb edilməsi, magistratura, doktorantura və dissertantura yolu ilə elmi kadr hazırlığı keyfiyyətcə yeni səviyyəyə qaldırılır, mütəmadi olaraq gənc tədqiqatçılar üçün ixtisasartırma kursları və elmi-praktik konfranslar təşkil edilir, onların ölkə və beynəlxalq elmi layihələrdə iştirakı təmin edilir. Rektor tədbirin əhəmiyyətini xüsusilə qeyd edərək bildirdi ki, bu istiqamətdə atılan hər bir addım bugünkü Tələbə Elmi Cəmiyyəti üzvlərinin sabahın alimləri kimi yetişdirilməsi işinə xidmət edir. Azad Novruzov sonda elmi-tətqiqat işləri aparan tələbələrə və magistrantlara fəaliyyətlərində uğurlar arzulayıb, onları daha səylə, əzmlə çalışmağa çağırıb.
İnstitutun elmi katibi dosent Qurban Qurbanlı “Naxçıvan Müəllimlər İnstitutunda təhsilalanların elmi-tədqiqat fəaliyyətinin təşkili vəziyyəti və qarşıda duran vəzifələr” və Riyaziyyat və onun tədrisi metodikası kafedrasının müdiri, professor Yaqub Məmmədov “Tələbə və magistrantların elmi-tədqiqat işlərinə verilən tələblər və onların təmin edilməsi yolları” mövzusunda məruzələrlə çıxış edərək bugünədək görülmüş işlər və nəzərdə tutulan hədəflər haqqında məlumat verdilər. Qeyd olundu ki, bu gün institutun 250-dək tələbə və magistrantı Tələbə Elmi Cəmiyyəti xətti ilə elmi-tədqiqat fəaliyyətinə cəlb olunub.
Sonra Riyaziyyat-informatika müəllimliyi ixtisası üzrə IV kurs tələbəsi Tələbə Elmi Cəmiyyətinin sədri Aysun Nağdəliyevanın “Naxçıvan Müəllimlər İnstitutunun Tələbə Elmi Cəmiyyəti: 2021-2022-ci tədris ilinin I yarımilinin yekunları və qarşıda duran vəzifələr” mövzusunda çıxışı və TEC işlərinin yerinə yetirilməsinin vəziyyəti haqqında kafedra müdirlərinin məlumatları dinlənilib.
Tədbir müzakirələrlə davam edib, mövzu ilə bağlı tələbələri maraqlandıran suallar məruzəçilər tərəfindən cavablandırılıb. Naxçıvan Müəllimlər İnstitutunda 2021-2022-ci tədris ilinin yaz semestrində TEC-in fəaliyyət qrafiki müəyyənləşdirilib.
Aygül Məmmədova
Naxçıvan Müəllimlər İnstitutunun mətbuat və ictimaiyyətlə əlaqələr xidməti