“Naxçıvan şəhid Ailələri” ictimai birliyinin və Naxçıvan Müəllimlər İnstitutunun birgə təşkilatçılığı ilə “Aprel döyüşləri – Böyük zəfərin başlanğıcı” adlı tədbir keçirilib.

433894253_950458686735583_5649152250355964166_n
Naxçıvan Müəllimlər İnstitutunda “Naxçıvan şəhid Ailələri” ictimai birliyinin və Naxçıvan Müəllimlər İnstitutunun birgə təşkilatçılığı ilə “Aprel döyüşləri – Böyük zəfərin başlanğıcı” adlı tədbir keçirilib.
Tədbirdə ilk öncə Vətən uğrunda canlarından keçmiş qəhrəman şəhidlərimizin xatirəsi 1 dəqiqəlik sükütla yad edilib, Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
Giriş sözü ilə çıxış edən İnstitutun rektoru Azad Novruzov vurğulayıb ki, Aprelin 4-də işğalçı ordu itirdiyi mövqeləri geri qaytarmaq üçün Ağdərə-Tərtər, Xocavənd-Füzuli yönündə yenidən hücum edib, təmas xəttinə yaxın yaşayış məntəqələrimizi güclü atəşə tutsa da, qəhrəman döyüşçülərimizin fədakarlığı ilə onların bu cəhdi də heçə endirilmişdir. Ardınca, düşmənin arxa cəbhədən əlavə qüvvələri döyüşə cəlb eləmək planının qarşısı qətiyyətlə alınmışdır. Bu döyüşlər Azərbaycan Silahlı Qüvvələrinin qələbəsi ilə nəticələnmiş, Tərtər rayonunun Talış kəndi ətrafındakı yüksəkliklər, Cəbrayıl rayonunun Lələtəpə yüksəkliyi və Cocuq Mərcanlı, Goranboy rayonunun Gülüstan, Tərtər rayonunun Qazaxlar və Tərtər rayonunun Suqovuşan kəndləri istiqamətində yollar düşməndən azad olunmuşdur. Rektor bildirib ki, bu tarixi qələbə 2018-ci ilin mayında Günnüt, 44 günlük Vətən müharibəsi və birgünlük antiterror tədbirlərində qazanılmış möhtəşəm Zəfərin bünövrəsini qoymuşdur.
Sonra Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikasının Prezidentinin Səlahiyyətli Nümayəndəliyinin əməkdaşı Günay Malikqızı qeyd edib ki, Aprel döyüşləri şanlı Azərbaycan Ordusunun gücünü, yüksək qələbə əzmini, ədalətin mütləq şəkildə bərpa olunacağını bütün dünyaya göstərdi. 4 gün ərzində Ermənistanın uzun illər ərzində öz ordusunun məğlubedilməzliyi haqqında yaratdığı mif dağıdıldı.
Tədbirdə çıxış edən Şəhid Rasim Məmmədovun qardaşı Şahin Məmmədov diqqətə çatdırıb ki, Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan dövlətinin prinsipial, qətiyyətli siyasəti sayəsində Azərbaycan uğurlu yüksəliş dövrünü yaşayır. Şahin Məmmədov vurğulayıb ki, tarixinin ən şanlı mərhələsini yaşayan Azərbaycan Ordusunun həyata keçirdiyi uğurlu əks-həmlə əməliyyatı – Aprel döyüşləri hər zaman Azərbaycan dövləti və xalqı üçün Vətən müharibəsindəki Böyük Qələbənin başlanğıcı kimi daim xatırlanacaq.
Daha sonra “Ölümün gözünə dik baxan qəhrəman şəhidlərimiz böyük zəfərin başlanğıcı qoyulan aprel döyüşləri zamanı şanlı Azərbaycan torpaqlarında zəfər toxumlarını səpdilər”-deyən “Naxçıvan Şəhid Ailələri” ictimai birliyinin sədri Mayis Gülməmmədov çıxış edərək bildirib ki, Aprel döyüşləri şanlı Azərbaycan Ordusunun gücünü, yüksək qələbə əzmini, ədalətin mütləq şəkildə bərpa olunacağını bütün dünyaya göstərdi. Sədr, iştirakçıların nəzərinə çatdırıb ki, bu gün bu tədbirlərin məhz mətanətli şəhid ailələri ilə Naxçıvan Müəllimlər İnstitutunun gəncləri arasında keçirilməsində əsas məqsəd yetişən gənc nəslin mənəvi-psixoloji hazırlığının, vətənpərvərlik hissinin yüksək səviyyədə təşkilinə dəstək verməyə istiqamətlənmişdir və gənclərimiz bu ruhda yetişərək şəhidlərin, qazilərin-Azərbaycan Ordusunun böyük zəfər yolunda şücaətini, qəhrəmanlıq səlnamələrini dünya ictimaiyyətinə çatdırmaqda aktiv olmalıdır.
Sonda tələbələrin təqdimatında bədii səhnə kompozisiyası və qiraətlər ifa edilib, Aprel döyüşlərinə həsr edilmiş rəsm və kitab sərgisinə baxış keçirilib.
Aprel döyüşlərinin 8-ci ildönümünü qürurla, dərin ehtiramla yad edirik!
Allah şəhidlərimizə rəhmət eləsin!
Aygül Məmmədova
Naxçıvan Müəllimlər İnstitutunun mətbuat və ictimaiyyətlə əlaqələr xidməti