Azərbaycanlıların Soyqırımı Günü ilə bağlı tədbir keçirilib
Azərbaycanlıların Soyqırımı Günü ilə bağlı tədbir keçirilib
Naxçıvan Müəllimlər İnstitutunda 31 Mart – Azərbaycanlıların Soyqırımı Günü ilə bağlı tədbir keçirilib. Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyi və İnstitutun birgə təşkilatçılığı ilə keçirilən tədbir soyqrımı qurbanlarının yad edilməsi, tarixi həqiqətlərin təbliği, gənc nəsilə vətənpərvərlik hisslərinin aşılanması məqsədinə xidmət edib.
Öncə İnstitut tələbələrinin vətənpərvərlik mövzusunda hazırladıqları rəsm əsərlərindən ibarət sərgiyə baxış keçirilib. Soyqırımı qurbanlarının, bütün şəhidlərin əziz xatirəsi dərin ehtiramla yad edildikdən sonra mart hadisələri ilə sənədli film nümayiş olunub. Tədbirdə Təbiət və incəsənət fakültəsinin dekanı, dosent Rövşən Vəliyev, Gənclər və İdman Nazirliyinin aparat rəhbəri İlhamə Nəzərova, tarix üzrə fəlsəfə doktoru, dosent Sara Hacıyeva geniş məruzə ilə çıxış edərək ermənilərin xalqımıza qarşı törətdiyi soyqırımı ilə bağlı tarixi faktları, bu sahədə görülən təbliğat və huquqi işlər barədə danışıblar. Çıxışlarda ermənilər tərəfindən xalqımıza qarşı həyata keçirilən qanlı cinayətlərdən, 1918-ci ilin mart-aprel aylarında qəddarlıqla törədilmiş kütləvi qırğınlardan bəhs olunub, Ümummilli Lider Heydər Əliyevin 1998-ci il martın 26-da imzaladığı “Azərbaycanlıların soyqırımı haqqında” Fərman ilə bu hadisəyə hüquqi-siyasi qiymətin verildiyi vurğulanıb.
Vətən müharibəsi iştirakçısı Abbasəli Tarverdiyev və tarix müəllimliyi ixtisası üzrə I kurs tələbəsi Natella Qazıyevanın mövzu ilə bağlı fikirlərində Azərbaycan xalqının mübarizliyini, qətiyyətini ifadə ediblər.