Naxçıvan Müəllimlər İnstitutunda Novruz tədbiri keçirilib

Naxçıvan Müəllimlər İnstitutunda Novruz bayramı münasibətilə “Yurdumuza bahar gəlir” mövzusunda tədbir keçirilib. Tədbir, hər il olduğu kimi, bu il də Novruz bayramının əhəmiyyətini vurğulamaq və institutun təhsil həyatını zənginləşdirmək məqsədini daşıyıb. Xalqımızın adət-ənənələrini özündə əks etdirən tədbirdə institut rəhbərliyi, müəllim və tələbə heyəti iştirak edib. Şənlikdə tələbələrin hazırladığı bayram xonçaları, müxtəlif növ şirniyyatlar və Novruz bayramı ilə bağlı maraqlı əl işləri sərgilənib.
Tədbirin açılışında institutun rektoru vəzifələrini icra edən Elşən Məmmədov çıxış edərək, hər kəsi bayram münasibətilə təbrik edib, iştirakçılara milli-mənəvi dəyərlərimizə hər zaman hörmətlə yanaşmağı, Novruz bayramının milli mədəniyyətimizdəki rolunu və əhəmiyyətini diqqətə çatdırıb. O, bu bayramın insanları birləşdirən, ənənələrimizi yaşadan və xalqımızın mənəvi dəyərlərini qoruyan əlamətdar bir gün olduğunu vurğulayıb.
Tədbirin bədii hissəsində institutun tələbələrinin ifasında iştirakçılara musiqi, rəqs və ədəbiyyat nümunələri təqdim olunub. Tədbir iştirakçıları, Novruz bayramının müxtəlif tərəflərini əks etdirən şeirlər, mahnılar və folklor ənənələrindən hazırlanan çıxışlarla bir araya gəliblər. Bayramın rəmzlərindən olan səməni və xonçaların nümayişi, Novruz personajları – Kosa, Keçəl və Bahar qız tədbir iştirakçılarına xoş ovqat bəxş edib.