Diplomatiya və Strateji Araşdırmalar Mərkəzinin (DASAM) sədri Mehmet Gökhan Özçubukçu Naxçıvan Müəllimlər İnstitutuna rəsmi səfər edib.
Səfər çərçivəsində qonaq institutun rektoru vəzifələrini icra edən dosent Elşən Məmmədov və Elm və innovasiya məsələləri üzrə prorektor dosent Qurban Qurbanlı ilə görüş keçirib.
Görüş zamanı akademik əməkdaşlıq imkanları, elmi tədqiqatların inkişaf perspektivləri, həmçinin Türkiyə ilə Azərbaycan arasında həyata keçirilə biləcək birgə layihələr geniş müzakirə olunub. Tərəflər iki qardaş ölkə arasında ali təhsil və elm diplomatiyası sahəsində əməkdaşlığın daha da gücləndirilməsinin vacibliyini vurğulayıblar.
Görüşdə qarşılıqlı təcrübə mübadiləsinin aparılması, ortaq elmi konfrans və seminarların təşkili, eləcə də gələcək əməkdaşlıq istiqamətlərinin müəyyənləşdirilməsi məsələlərinə toxunulub.
Səfər qarşılıqlı xoş niyyət ifadələri və perspektiv əməkdaşlıq istiqamətlərinin dəyərləndirilməsi ilə başa çatıb.

