27 fevral tarixində Naxçıvan Baş Gömrük İdarəsinin təşkilatçılığı ilə “Narkomaniya ağ ölümdür! Özümüzü və yaxınlarımızı ağ ölümdən xilas edək!!!” mövzusunda Naxçıvan Müəllimlər İnstitutunun tələbələri ilə maarifləndirici tədbir keçirilib.
Tədbirdə giriş sözü ilə Naxçıvan Müəllimlər İnstitutunun Ümumi işlər üzrə prorektoru Xəyal Camalov açaraq tədbirin əhəmiyyətini vurğulayıb. Qeyd edilib ki, Gənclərin narkomaniya haqqında maarifləndirilməsi, onlara sağlam həyat tərzinin vacibliyini başa salmaq, narkotiklərin fəsadlarını göstərmək gənclərin bu təhlükədən uzaq durmalarına kömək edəcəkdir. Bu yalnız fərdi həyatı deyil, bütövlükdə cəmiyyətin gələcəyini də qorumaq deməkdir. Hər bir gənc narkomaniya ilə mübarizədə aktiv iştirak etməli, özünə və cəmiyyətə qarşı məsuliyyətini dərk etməlidir.
Sonra Metodoloji təminat şöbəsinin rəisi İsa Əliyev “Sağlam həyat naminə narkotikə yox deyək” mövzusunda çıxış edərək vurğulayıb ki, narkomanlıq insan cəmiyyətinin mənəvi və əxlaqi dəyərlərinə ciddi zərbə vuran, sosial-iqtisadi inkişafa mənfi təsir göstərən, insanların həyat və sağlamlığına böyük təhlükə yaradan, həmçinin cinayətkarlığın artmasına səbəb olan əsas amillərdən biridir. Məhz bunlara görə Ümummilli lider Heydər Əliyev bu növ cinayəti cəmiyyətin “sosial bəlası” adlandırmışdır.
Ümummilli lider Heydər Əliyevin “Narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı tədbirlər haqqında” 1996-cı il 26 avqust tarixli Fərmanı və digər qanunlar, fərmanlar, normativ-hüquqi aktlar narkotiklərlə mübarizənin əsas strateji xəttini müəyyənləşdirmişdir.
Əməliyyat və istintaq idarəsinin Təhqiqat şöbəsinin rəisi Heydər Səmədli “Narkomaniya ağ ölümdür! Özümüzü və yaxınlarımızı ağ ölümdən xilas edək!!!” mövzusunda slayt təqdimatla çıxış edərək bildirib ki, müasir dünyada narkomaniya bəşəriyyəti ciddi düşündürən, insan cəmiyyətinin mənəvi və əxlaqi dəyərlərinə böyük zərbə vuran qlobal problemlərdəndir. Hər zaman olduğu kimi, bu gün də inkişaf etməkdə olan ölkəmizdə narkotiklərin qanunsuz dövriyyəsi və onlara qarşı mübarizə üzrə normativ-hüquqi bazanın təkmilləşdirilməsi, bu sahədə hüquq-mühafizə orqanlarının fəaliyyətinin gücləndirilməsi və beynəlxalq əməkdaşlığın daha da genişləndirilməsi ölkəmizin hüquq mühafizə orqanlarının daima diqqət mərkəzində olduğunu qeyd edib.
Daha sonra institutun Təhsildə sosial psixoloji xidmət ixtisası üzrə I kurs magistrantı Vəlibəyova Firuzənin mövzu ətrafında çıxışı dinlənilib, tədbir maraqlı diskussiya şəraitində sona çatıb.

