Naxçıvan Müəllimlər İnstitutunda pedaqoji təcrübənin başlanğıc konfransı keçirilib
16 fevral tarixində 2025–2026-cı tədris ilinin ikinci yarısında Naxçıvan Müəllimlər İnstitutunda əyani təhsil formasının IV və V kurs tələbələrinin pedaqoji təcrübəsinə həsr olunmuş başlanğıc konfrans keçirilib.
Konfransa başlamazdan öncə Ümummilli Lider Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda canlarından keçmiş qəhrəman şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub. Ardınca Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
Konfransı giriş sözü ilə institutun rektoru vəzifələrini icra edən dosent Elşən Məmmədov açaraq pedaqoji təcrübənin müəllim hazırlığında mühüm mərhələ olduğunu vurğulayıb. O qeyd edib ki, tələbələr ali təhsil aldıqları müddət ərzində tədris planında nəzərdə tutulan bütün fənləri, akademik kreditləri və nəzəri bilikləri uğurla mənimsəyərək təhsilin nəzəri mərhələsini müvəffəqiyyətlə başa vurublar. Rektor bütün tələbələri bu münasibətlə təbrik edib, onların qazandıqları bilik və bacarıqları praktik müstəvidə uğurla tətbiq edəcəklərinə inandığını bildirib və gələcək pedaqoji fəaliyyətlərində məsuliyyət, təşəbbüskarlıq və peşəkarlıq nümayiş etdirmələrini arzulayıb.
Daha sonra Naxçıvan Muxtar Respublikası təhsil nazirinin müavini Əli Vəliyev çıxış edərək pedaqoji təcrübənin tələbələrin peşəkar formalaşmasında xüsusi əhəmiyyət daşıdığını bildirib. O vurğulayıb ki, təcrübə müddətində tələbələr məktəb mühitində real tədris prosesi ilə yaxından tanış olacaq, dərsin planlaşdırılması, sinfin idarə olunması, şagirdlərlə effektiv ünsiyyət, qiymətləndirmə mexanizmlərinin tətbiqi kimi mühüm praktik bacarıqlar qazanacaqlar.
Tədris şöbəsinin müdiri Əhruz Mahmudova çıxışında pedaqoji təcrübənin təşkilinin yeni qaydaları, təcrübə jurnallarının işlənməsi, hesabatların hazırlanması və qiymətləndirmə meyarları barədə tələbələrə ətraflı məlumat verib, sənədləşmə işlərinin vaxtında və düzgün aparılmasının vacibliyini diqqətə çatdırıb.
Ardınca pedaqoji təcrübə rəhbəri Gülmira Əsədova tələbələrin təcrübə müddətində yerinə yetirməli olduqları vəzifələr, metodik tövsiyələr, dərs müşahidələrinin aparılması və təhlili, eləcə də yekun hesabatların hazırlanması ilə bağlı mühüm məqamları izah edib.
Sonra Pedaqoji fakültənin dekanı Samirə Həsənova və Təbiət və incəsənət fakültəsinin dekanı Rövşən Vəliyev çıxış edərək təcrübəyə buraxılan tələbələrə nəzəri biliklərini praktik fəaliyyət zamanı səmərəli şəkildə tətbiq etməyi, müəllim etikası və peşə məsuliyyətini daim qorumağı tövsiyə ediblər.
Çıxışlarda gələcək müəllimlər bir daha nəzəri təhsil mərhələsini uğurla başa vurduqlarına görə təbrik olunub, onların praktik fəaliyyətlərində də uğur qazanacaqlarına əminlik ifadə edilib və hər birinə pedaqoji fəaliyyət yolunda müvəffəqiyyət arzulanıb.

