Naxçıvan Müəllimlər İnstitutunda “2 Fevral – Azərbaycan Gəncləri Günü” münasibətilə “Gənclər və gələcək” mövzusunda dəyirmi masa təşkil olunub.
Tədbiri giriş sözü ilə institutun Ümumi işlər üzrə prorektoru Xəyal Camalov açaraq gənclərin cəmiyyətin inkişafında aparıcı qüvvə olduğunu bildirib. O, dövlət tərəfindən həyata keçirilən gənclər siyasətinin gənclərin bilikli, vətənpərvər və fəal vətəndaş kimi formalaşmasında mühüm rol oynadığını vurğulayıb.
Tədbirdə Təbiət və incəsənət fakültəsinin dekanı dosent Rövşən Vəliyev “Gənclər gününün tarixi və əhəmiyyəti, dövlətimiz tərəfindən həyata keçirilən gənclər siyasətinin gənclərin inkişafında rolu” mövzusunda çıxış edərək gənclərin təhsil, elm və ictimai fəaliyyətə daha fəal cəlb olunmasının vacibliyini diqqətə çatdırıb.
Pedaqoji fakültənin dekanı dosent Samirə Həsənova isə çıxışında gənclərin İkinci Qarabağ müharibəsində əldə olunan tarixi Zəfərdə göstərdikləri qəhrəmanlıq nümunələrindən, eləcə də bu gün ölkənin sosial-iqtisadi və mənəvi inkişafında oynadıqları roldan bəhs edib. O qeyd edib ki, Azərbaycan gəncləri dövlətin etibarlı dayağı və gələcəyinin əsas təminatçısıdır.
Natiqlər çıxışlarında gəncləri təbrik edərək onlara uğurlar arzulayıb, bilik və bacarıqlarını dövlət və cəmiyyət xeyrinə yönəltmələrini tövsiyə ediblər.
Dəyirmi masa qarşılıqlı fikir mübadiləsi şəraitində davam edib.
İnstitutumuzun tələbələrini və onların timsalında bütün Azərbaycan gənclərini “2 Fevral – Azərbaycan Gəncləri Günü” münasibətilə ürəkdən təbrik edirik!

