20 Yanvar” faciəsinin 34-cü ildönümü münasibətilə rəsm və kitab sərgisi keçirilmişdir

“20 Yanvar” faciəsinin 34-cü ildönümü münasibətilə rəsm və kitab sərgisi keçirilmişdir
Azərbaycan Respublikası Elm və Təhsil nazirinin müvafiq əmri ilə təsdiq olunmuş “20 yanvar faciəsinin otuz dördüncü ildönümü ilə bağlı Elm və Təhsil Nazirliyinin tədbirlər Planı”nın icrası istiqamətində Naxçıvan Müəllimlər İnstitutunda “20 Yanvar” faciəsinin 34-cü ildönümünə həsr edilmiş tələbələrin rəsm əsərlərindən və institutun kitabxanasında mövcud olan kitablardan ibarət sərgi keçirilmişdir.
Sərgini giriş sözü ilə açan institutun rektoru Azad Novruzov çıxışının əvvəlində faciə qurbanlarının xatirəsini bir dəqiqəlik sükutla yad edərək qeyd edib ki, 1990-cı il yanvarın 19-dan 20-ə keçən gecə Bakıya yeridilən sovet qoşun hissələri küçələrə çıxıb öz etirazlarını bildirən dinc əhalini ağır texnika və müxtəlif tipli silahlardan atəşə tutmuşdur. Həmin gecə Bakının müxtəlif rayonlarında sovet əsgərləri tərəfindən 131 insan qətlə yetirilmiş və 700-dən artıq vətəndaş yaralanmış və xəsarət almışdır. Ümumilikdə həmin dövrdə 147 nəfər şəhidlik zirvəsinə yüksəlmiş, 700-dən çox yaralının 25-i qadın, 20-si uşaq olmuşdur. Ümummilli Lider Heydər Əliyev həmin günlərdə özünün və ailəsinin həyatını təhlükə altına ataraq Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gəlmiş, kommunist partiyası rejiminin Azərbaycanda həyata keçirdiyi qanlı aksiyanı qətiyyətlə pisləmiş, xalqımıza qarşı törədilən bu cinayətə, günahsız insanların öldürülməsinə etirazını bildirmiş, təqsirkarların cəzalandırılmasını tələb etmişdir. Ulu öndər Heydər Əliyev həmin günlərdə Azərbaycan xalqının kədərini bölüşməklə yanaşı, qanlı 20 Yanvar hadisəsinə ilk həqiqi siyasi qiymətin verilməsini tələb etmişdir.
Rektor bildirib ki, gənclərimiz bu tarixi həqiqətləri bilməlidir. Yaxın tariximizin öyrənilməsi və araşdırılması vacib vəzifədir. 1990-cı ilin 20 Yanvar faciəsi də öyrənilməli və gələcək nəsillərə olduğu kimi çatdırılmalıdır. Bu münasibətlə təşkil olunan sərgi ilə institutumuzun bütün tələbələri tanış olmalı, öz qəhrəman övladlarının əziz xatirəsini hər zaman yad etməli və bu faciəni heç vaxt unutmamalıdır.
Qan yaddaşımıza əbədi həkk olunmuş 1990-cı ilin 20 Yanvar hadisələri tariximizin özündə faciə və qəhrəmanlığı ehtiva edən unikal səhifəsi, Azərbaycanın sonrakı taleyinə əhəmiyyətli təsiri olan dönüş anıdır.
Sonra “20 Yanvar” faciəsinin ildönümü münasibətilə rəsm və kitab sərgisinə baxış keçirilmiş, nümayiş olunan əsərlər iştirakçıların marağına səbəb olmuşdur.
Allah bütün Şəhidlərimizə rəhmət eləsin!