Qış imtahan sessiyasında operativ qərargah
Naxçıvan Müəllimlər İnstitutunda imtahanların tam şəffaf keçirilməsi üçün rektorluğun əmri ilə operativ qərargah yaradılıb. Bu qərargahın tərkibinə mətbuat işçiləri, tələbə təşkilatları, valideynlər və İnstitut daxilində struktur rəhbərləri daxildir. Qərərgahın yaradılmasında əsas məqsəd imtahan prosesində yarana biləcək hər hansı problemlərin, neqativ halların qarşısının alınması və dərhal müdaxilə olunmasıdır. Operativ qərargahın ünvanını, əlaqə telefonlarını saytımıza yerləşdirmişik. Hər bir valideyn, tələbə istənilən vaxt müraciət edə bilər. Bundan başqa imtahan sessiyasının gedişində şəffaflığı tam təmin etmək üçün fakültələr daxilində Münaqişə Komissiyaları da yaradılıb. Bu Komissiyaların yaradılmasının əsas məqsədi isə imtahan nəticələri açıqlandıqdan sonra nəticələrlə razılaşmayan tələbələrin şikayətlərinə dərhal baxılmasıdır. İmtahan nəticələrindən narazı qalan tələbələr yazılı şəkildə Komissiyaya müraciət edir və onların yazılarının yenidən yoxlanılması təmin edilir. Bu məqamda qeyd edim ki, bizim İnstitumuzda bütün imtahanlar kredit sistemi qaydalarına uyğun olaraq yazılı şəkildə aparılır. Bu günə qədər 7 nəfər bu Komissiyaya müraciət edib. Bunlardan birinin şikayəti təmin edilib, digərlərinin yazıları isə yenidən yoxlama zamanı şikayətin əsassız olduğu müəyyən olunub. Qeyd edim ki, 2 nəfər nəzarətçi müəllimin iştirakı ilə imtahanlar yazılı şəkildə aparılır. Daha sonra imtahan vərəqləri şifrələnərək müəllimlər tərəfindən yoxlanılır. Sonra isə nəticələr tələbələrə elan olunur.