Naxçıvan Müəllimlər İnstitutunda 2018-ci ildə görülmüş işlər və qarşıda duran vəzifələr

Naxçıvan Müəllimlər İnstitutunda keçirilən iclasda 2018-ci ildə görülmüş işlər və qarşıda duran vəzifələr barədə institutun rektoru, dosent Elbrus İsayev məruzə ilə çıxış edib. O bildirib ki, ötən il Prezident cənab İlham Əliyevin muxtar respublikaya növbəti səfəri çərçivəsində Naxçıvan Müəllimlər İnstitutunun açılışında da iştirak etməsi pedaqoji kollektiv üçün əlamətdar olub.
Naxçıvan Muxtar Respublikasında bakalavr səviyyəsində ibtidai sinif müəllimliyi, məktəbəqədər təlim və tərbiyə, təhsildə sosial-psixoloji xidmət ixtisasları, magistratura səviyyəsində isə yuxarıda göstərilən üç ixtisas üzrə kadr hazırlığı yalnız bu ali məktəbdə aparılır. İnstitut muxtar respublikadakı 3 ali məktəb arasında əlavə təhsilin bütün istiqamətləri üzrə fəaliyyət göstərən yeganə ali təhsil müəssisəsidir. Burada hazırda bakalavr səviyyəsi üzrə əyani şöbədə 1099, qiyabi şöbədə 81, ümumilikdə, 1180 tələbə, magistratura səviyyəsində 58 tələbə təhsil alır. Onların təhsili ilə 94 nəfər professor-müəllim heyəti məşğul olur. Onlardan 7-si elmlər doktoru, 40-ı isə fəlsəfə doktorudur. Hesabat ili ərzində institut əməkdaşlarının 223 elmi əsəri, o cümlədən 3 monoqrafiyası, 3 dərs vəsaiti, 51 metodik vəsaiti və fənn proqramı, 133 elmi-metodik məqaləsi və 33 tezisi çap olunub.


Qeyd edilib ki, Naxçıvan Müəllimlər İnstitutunda İxtisasartırma və yenidənhazırlanma sahəsində işin səmərəliliyini yüksəltmək məqsədilə 2018-2019-cu tədris ilinin əvvəlində ixtisasartırma sahəsi üzrə tədris-təqvim planı hazırlanıb, elmi şurada müzakirə edilərək əmrləşdirilib. Bu plana əsasən 2018-ci ilin ikinci yarımili, 2019-cu ilin isə birinci yarımili üçün ayrı-ayrı strukturlar qarşısında vəzifələr kompleksi müəyyənləşdirilib. İxtisasartırma təhsilinin plan və proqramlarının yenidən nəzərdən keçirilməsi, müəllimlərin yeni təlim metodları ilə işləmələri qarşıya məqsəd qoyulub. Tədris ili üçün təqvim planında nəzərdə tutulmuş tədbirlərin vaxtında və səmərəli yerinə yetirilməsi, institutdan və ayrı-ayrı elm və təhsil müəssisələrindən mühazirəçilərin seçilməsi məsələsində onların peşəkarlığına diqqətin artırılması, ixtisasartırma təhsilinin optimal dislokasiyasının və keçirilməsinin mütəşəkkil təşkil edilməsi məsələləri geniş müzakirə olunub.
Bildirilib ki, 2018-ci ildə institutun yeni tədris korpusuna köçməsi ilə əlaqədar olaraq hər cür texniki və elektronik avadınlıqlarla təchiz edilmiş müasirtipli kitabxana yaradılıb. Hazırda 6158-i latın qrafikası ilə nəşr olunmuş 8576 kitab fonduna malik kitabxana son illərdə çıxan tədris-metodik, elmi, monoqrafik xarakterli ədəbiyyatlarla zənginləşdirilməkdə və kitabxananın kataloq sistemi elektronlaşdırılmaq­dadır. Burada 3500 adda dərslik, dərs vəsaiti və müha­­zirə materiallarının elektron versiyası hazırlanıb.
Rektor qarşıda duran vəzifələrdən də danışıb.
Sonda məruzə ətrafında çıxışlar olub.