Naxçıvan Müəllimlər İnstitutunda 5 Oktyabr – Beynəlxalq Müəllimlər Günü münasibətilə “Sözün, elmin və ehtiramın sahibi – müəllim” adlı tədbir keçirilib.
Tədbir Vətən uğrunda canlarını fəda etmiş şəhidlərimizin xatirəsinin bir dəqiqəlik sükutla yad olunması və Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb.
Tədbirdə institutun elmi katibi, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı Azad Novruzov çıxış edərək Ulu Öndər Heydər Əliyevin təhsilə və müəllim əməyinə verdiyi yüksək dəyərdən danışıb. O, insan kapitalına qoyulan sərmayənin ölkənin inkişafında əhəmiyyətini vurğulayıb və Naxçıvan Müəllimlər İnstitutunun müəllim yetişdirmə, “öyrətməyi öyrətmək” missiyasını uğurla icra etməsi və bu sahədəki vəzifə və məqsədlərini iştirakçılara çatdırıb. Eyni zamanda, müəllimlərin yetişdirdiyi vətənpərvər gənclərin 44 günlük Vətən müharibəsində göstərdiyi şücaətə də diqqət çəkib. İnstitutun İncəsənət kafedrasının müdiri, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı Həbibə Allahverdiyeva çıxış edərək ölkə başçısı cənab İlham Əliyevin müəllim əməyinə göstərdiyi diqqəti qeyd edib. O, Ümummilli Liderin təhsil siyasətinin bu gün uğurla davam etdirildiyini və bu siyasətin pedaqoqların sosial statusunun möhkəmlənməsinə, peşə fəaliyyətinin stimullaşdırılmasına böyük töhfə verdiyini vurğulayıb.
Tədbirin bədii hissəsində institutun tələbələri bədii qiraət, musiqi və rəqs ifaları ilə institutun professor-müəllim heyətini və gələcək müəllimləri təbrik ediblər.
-Ulu öndər Heydər Əliyevin də dediyi kimi, müəllim əməyinə verilən qiymət cəmiyyətin inkişafında böyük rol oynayır. Naxçıvan Müəllimlər İnstitutu da öz missiyaları çərçivəsində gənc müəllimlərin peşə hazırlığını davamlı və peşəkar şəkildə təmin edir.
Bu münasibətlə müəllim adını layiqincə daşıyan bütün müəllimləri ürəkdən təbrik edir, onların əməyinə dərin ehtiramımızı bildiririk!
Aygül Məmmədova
Mətbuat və ictimaiyyətlə əlaqələr üzrə baş mütəxəssis

