Naxçıvan Müəllimlər İnstitutunda əmək bazarının nümayəndələri – Naxçıvan şəhərində fəaliyyət göstərən ümumtəhsil məktəblərinin bir qrup direktoru, məktəbəqədər təhsil müəssisələrinin təmsilçiləri və digər maraqlı tərəflərin iştirakı ilə dəyirmi masa keçirilib. Görüşün əsas məqsədi tələbələrin əmək bazarının müasir tələblərinə uyğun hazırlanması istiqamətində fikir mübadiləsi aparmaq və institut–əmək bazarı əməkdaşlığını gücləndirmək olub.
Tədbiri giriş sözü ilə institutun rektoru vəzifələrini icra edən Elşən Məmmədov açaraq qonaqları salamlayıb, görüşün əhəmiyyətinə toxunub. O, çıxışında qeyd edib ki, institut tərəfindən tələbələrin praktik bacarıqlarının artırılması, real tədris mühitinə inteqrasiyası və ixtisaslarına uyğun işlə təmin olunmaları istiqamətində ardıcıl tədbirlər görülür. Xüsusilə, təcrübə proqramlarının gücləndirilməsi, məktəblərlə əməkdaşlıq çərçivəsində tələbələrin yerli təhsil müəssisələrində təcrübə keçməsi və müəllim hazırlığı prosesinə əmək bazarının nümayəndələrinin cəlb olunması bu məqsədə xidmət edir.
Daha sonra institutun struktur rəhbərləri – fakültə dekanları, ixtisas kafedralarının müdirləri və məktəb direktorları çıxış edərək müasir pedaqoji kadr hazırlığının elmi və praktiki əsasları, kurikulumların bazar tələblərinə uyğunlaşdırılması, tədris planlarında dəyişikliklər və təcrübə imkanlarının genişləndirilməsi barədə ətraflı məlumat veriblər.
Görüş zamanı iştirakçılar əmək bazarının konkret gözləntiləri, məzunların işəqəbulu zamanı qarşıya çıxan real vəziyyətlər və müəllimlərə olan tələblər barədə açıq müzakirələr aparıblar. Eyni zamanda, əmək bazarı nümayəndələrinin tədris prosesinə töhfə verməsi və tələbələrin hazırlanmasında birgə fəaliyyətin genişləndirilməsi təklif olunub.
Görüşün sonunda tələbələrin peşəkar və rəqabətqabiliyyətli kadr kimi formalaşdırılması istiqamətində institut və təhsil müəssisələri arasında daha sıx əməkdaşlıq qurulması barədə razılıq əldə olunub. İştirakçılara təşəkkür bildirilib və bu kimi görüşlərin davamlı olacağı vurğulanıb.
Daha sonra tədbirin ardı olaraq, pedaqoji təcrübədə olan tələbələrin yazılı və şifahi hesabatları dinlənilib, iştirakçılar institutun Tədris Şöbəsi, dekanlıq və digər struktur bölmələrinin iş prinsipi ilə tanış olublar.

