NMİ-də “15 İyun – Milli Qurtuluş Günü”nə həsr olunmuş elmi-praktik konfrans keçirilib

“Konstitusiya və Suverenlik İli” çərçivəsində Naxçıvan Müəllimlər İnstitutunda Humanitar və ictimai fənlər və İncəsənət kafedralarının birgə təşkilatçılığı ilə “15 İyun – Milli Qurtuluş Günü”nə həsr olunmuş “Milli dövlət quruculuğu tarixindən: Milli Qurtuluşdan Dövlət Suverenliyinin tam bərpasınadək” mövzusunda elmi-praktik konfrans keçirilib.
Konfransın açılışında ilk öncə Ulu öndər Heydər Əliyevin və Azərbaycanın müstəqilliyi və suverenliyi uğrunda canlarından keçmiş şəhidlərin əziz xatirəsi ehtiramla yad edilib.
Sonra institutun rektoru vəzifələrini icra edən, Tədris işləri üzrə prorektor, dosent Elşən Məmmədov giriş sözü ilə çıxış edərək tədbirin əhəmiyyətindən bəhs edib. O, Ulu Öndər Heydər Əliyevin xalqın tələbi ilə yenidən hakimiyyətə qayıdışının Azərbaycanın dövlətçilik tarixində dönüş nöqtəsi olduğunu vurğulayıb və bu tarixi hadisənin müstəqil Azərbaycanın qurulmasında, hüquqi dövlət və vətəndaş cəmiyyəti quruculuğunda oynadığı rolu diqqətə çatdırıb.
Tədbirdə iki əsas məruzə təqdim olunub. İncəsənət kafedrasının müdiri, sənətşünaslıq üzrə fəlsəfə doktoru Həbibə Allahverdiyeva “Heydər Əliyev və Azərbaycan təsviri sənəti” mövzusunda çıxış edərək, Ümummilli Liderin mədəniyyətə və incəsənətə göstərdiyi xüsusi diqqətdən danışıb. Daha sonra Humanitar və ictimai fənlər kafedrasının müəllimi Qorxmaz Hacızadə “Milli Qurtuluşdan Dövlət Suverenliyinin tam bərpasınadək: faktlar və təhlillər” mövzusunda məruzə ilə çıxış edib. Məruzədə Azərbaycanın son 30 ildə keçdiyi strateji inkişaf yolu, dövlət suverenliyinin bərpası istiqamətində atılmış addımlar geniş şəkildə təhlil olunub.
Konfrans çərçivəsində İncəsənət kafedrasının müəllim və tələbələrinin mövzuya həsr olunmuş əsərlərindən ibarət sərgi nümayiş etdirilib. Sərgiyə kollektiv baxış keçirilib və nümayiş olunan əsərlər konfrans iştirakçıları tərəfindən maraqla qarşılanıb.
Sonra konfrans öz işini 2 bölmədə davam etdirib. Hər iki kafedranın müəllimlərinin məruzələri dinlənilib, milli dövlətçilik, mədəniyyət və incəsənət tariximizə dair fikir və müzakirələr aparılıb.
Elmi-praktik konfrans Milli Qurtuluş Gününün mahiyyətini bir daha aktuallaşdırmaqla yanaşı, Azərbaycan dövlətçiliyinin ideya əsaslarının gənc nəslə aşılanması baxımından da mühüm əhəmiyyət kəsb edib.