NMİ-də Mirzə Qədim İrəvaninin 200 illik yubileyinə həsr olunmuş elmi-praktik seminar və rəsm sərgisi keçirilib

10 iyun tarixində Naxçıvan Müəllimlər İnstitutunda “Konstitusiya və Suverenlik İli” çərçivəsində növbəti elmi-praktik tədbir təşkil olunub. İncəsənət kafedrasının təşəbbüsü ilə keçirilən tədbir XIX əsr Azərbaycan təsviri sənətinin görkəmli nümayəndəsi Mirzə Qədim İrəvaninin 200 illik yubileyinə həsr olunub.
Tədbiri institutun rektoru vəzifəsini icra edən Elşən Məmmədov açaraq iştirakçıları salamlayıb və yubiley tədbirinin əhəmiyyətindən danışıb. O, Mirzə Qədim İrəvaninin Azərbaycan təsviri sənətində tutduğu yerə toxunaraq, bu cür tədbirlərin gənc nəsildə milli irsə marağın artırılmasında mühüm rol oynadığını bildirib.
Daha sonra İncəsənət kafedrasının dosenti Nizami Alıyev “Azərbaycan təsviri incəsənətində Mirzə Qədim İrəvaninin yaradıcılığı” mövzusunda məruzə ilə çıxış edib. Məruzədə rəssamın yaradıcılıq mərhələləri, sənət estetikası və Azərbaycan təsviri incəsənətinə verdiyi töhfələr ətraflı təhlil olunub.
Tədbirin sonunda “Azərbaycan təsviri incəsənətində Mirzə Qədim İrəvaninin yaradıcılığı: miniatürdən realizmə” mövzusunda təşkil olunmuş rəsm sərgisinə baxış keçirilib. Sərgidə İncəsənət kafedrasının tələbə və müəllim heyətinin Mirzə Qədim İrəvaninin yaradıcılığından ilhamlanaraq ərsəyə gətirdikləri əsərlər, illüstrasiya nümunələri nümayiş olunub. Kafedranın müdiri, əməkdar rəssam Həbibə Allahverdiyeva sərgidə nümayiş olunan əsərlər barədə iştirakçılara ətraflı məlumat verib.
Elşən Məmmədov sərginin təşkilində əməyi olanlara təşəkkürünü bildirib və bu cür təşəbbüslərin davamlı olmasının vacibliyini vurğulayıb.