Naxçıvan Müəllimlər İnstitutunun Pedaqoji fakültəsinin tələbələri “28 May Müstəqillik Günü” münasibətilə Qurban Səidin məşhur “Əli və Nino” romanından seçilmiş hissələri səhnələşdirərək tamaşa şəklində təqdim ediblər.
Tamaşa institut rəhbərliyi müəllimlər, tələbələr, eləcə də qonaqlar tərəfindən maraqla izlənilib.
Tamaşanın məqsədi tələbələrin ədəbi-bədii yaradıcılıq bacarıqlarını inkişaf etdirmək, Azərbaycan ədəbiyyatının klassik nümunələrini daha dərindən mənimsəmək və milli-mənəvi dəyərlərə bağlılığı gücləndirmək olub. Səhnələşdirmə zamanı tələbələr əsərin əsas personajlarının psixoloji durumunu və dövrün ictimai-siyasi atmosferini ustalıqla canlandırıblar.
Tədbirin sonunda institutun rektoru vəzifəsini icra edən Elşən Məmmədov tələbələrin təşəbbüsünü yüksək qiymətləndirərək, bu cür yaradıcılıq fəaliyyətlərinin davam etdirilməsinin vacibliyini vurğulayıb, gənclərə gələcək fəaliyyətlərində uğurlar arzulayıb.


