Naxçıvan Müəllimlər İnstitutunda ümuminstitut elmi-praktik konfransları çərçivəsində “Xarici dillər və tədrisi metodikası” kafedrasının təşkilatçılığı ilə “Ali pedaqoji məktəblərdə ingilis dilinin xarici dil kimi tədrisinin aspektləri: ənənəvi və innovativ yanaşmalar” mövzusunda elmi-praktik konfrans təşkil olunub.
Konfransın plenar iclasını institutun rektoru vəzifəsini icra edən, Tədris işləri üzrə prorektor, dosent Elşən Məmmədov açaraq, tədbirin aktuallığını vurğulayıb. O, ali məktəblərdə xarici dillərin tədrisində müasir yanaşmaların tətbiqinin əhəmiyyətindən bəhs edib və bu sahədə elmi araşdırmaların genişləndirilməsinin zəruriliyini qeyd edib.
Plenar iclasda “Xarici dillər və tədrisi metodikası” kafedrasının müəllimi Əli Qasımov “İngilis dilinin tədrisində tətbiq olunan metodlara müasir baxışlar” mövzusunda çıxış edib. Məruzəçi çıxışında müasir pedaqoji texnologiyaların, interaktiv metodların və kommunikativ yanaşmaların ingilis dili dərslərində tətbiqi imkanlarını nəzərdən keçirib. O, müasir tədris metodlarının tələbəyönümlü təhsilin təşkili baxımından üstünlüklərini vurğulayıb.
Kafedranın baş müəllimi Bəyim Tarverdiyeva isə “Ali məktəblərdə fəal təlim metodları vasitəsilə müasir ingilis dili dərsinin tədrisi məsələləri” mövzusunda məruzə ilə çıxış edib. O, tədris prosesində fəal öyrənmə metodlarının, o cümlədən qrup işi, debat, rol oyunları və problem əsaslı təlim kimi yanaşmaların effektivliyini təhlil edib. Bəyim Tarverdiyeva ali məktəblərdə ingilis dili dərslərində bu metodların tələbələrin dil bacarıqlarını inkişaf etdirməkdə mühüm rol oynadığını vurğulayıb.
Tədbir iştirakçıları tərəfindən hər iki məruzə maraqla qarşılanıb və elmi müzakirələr doğurub.
Sonra konfrans öz işini bölmə iclasında davam etdirib. Bölmədə çıxış edən müəllimlər tərəfindən təqdim olunan məruzələr ali pedaqoji təhsil müəssisələrində ingilis dilinin daha səmərəli və müasir tələblərə uyğun şəkildə tədrisinə töhfə verməyi hədəfləyib. Tədbir interaktiv müzakirələrlə yadda qalıb və iştirakçılar tərəfindən yüksək dəyərləndirilib.

