2024–2025-ci tədris ilində Pedaqoji fakültədə Tələbə Elmi Cəmiyyətinin (TEC) xətti ilə aparılmış tələbə elmi-tədqiqat işlərinin yekunlarına həsr olunmuş elmi konfrans baş tutub. Konfransın plenar iclasını giriş sözü ilə açan Naxçıvan Müəllimlər İnstitutunun Elm və innovasiya məsələləri üzrə prorektoru, filologiya üzrə fəlsəfə doktoru, dosent Qurban Qurbanlı tədbirin əhəmiyyətindən danışıb, tələbələrin elmi fəaliyyətə cəlb olunmasının vacibliyini vurğulayıb.
Daha sonra Pedaqoji fakültənin dekanı, dosent Samirə Həsənova çıxış edərək konfransın plenar və bölmələr üzrə təşkilindən, fakültədə TEC xətti ilə aparılan elmi işlərin vəziyyətindən və müzakirə olunacaq mövzulardan bəhs edib.
Plenar iclasda Fakültə TEC Şurasının sədri Gülşən Şıxəliyeva yerinə yetirilmiş tələbə elmi-tədqiqat işləri haqqında geniş məlumat verib. Ardınca tələbələrin məruzələri dinlənilib. Tarix müəllimliyi ixtisası üzrə II kurs tələbəsi Türkay Qəhrəmanzadə “II Qarabağ müharibəsindən sonra Azərbaycanın xarici siyasətinin əsas istiqamətləri” mövzusunda, Məktəbəqədər təhsil ixtisası üzrə I kurs tələbəsi Həqiqət Nəbizadə isə “Məktəbəqədər müəssisələrdə riyaziyyatın tədrisində Mathazone proqramı” mövzusunda maraqlı çıxışları ilə yadda qalıblar.
Konfrans öz işini 12 bölmədə davam etdirib. Ümumilikdə 108 tələbənin məruzəsi dinlənilib və müzakirə olunub.
Tədbir tələbələrin elmi axtarışa marağını artırmaqla yanaşı, onların tədqiqat bacarıqlarının inkişafına da mühüm töhvə verib.

