NMi-də növbəti ümuminstitut elmi seminarı keçirilib

21 aprel tarixində Naxçıvan Müəllimlər İnstitutunda növbəti ümuminstitut elmi seminarı keçirilib. Tədbir Pedaqoji fakültənin “Xarici dillər və tədrisi metodikası” kafedrasının təşkilatçılığı ilə baş tutub.
Seminarın əsas məqsədi dillərin təmasından yaranan yeni dil formaları – pidgin və kreol dilləri haqqında elmi məlumatların paylaşılması, bu sahədəki ənənəvi və müasir yanaşmaların müqayisəli şəkildə təqdim olunması, həmçinin mövzu ətrafında fikir mübadiləsi aparmaq olub.
Seminarda institutun rektoru vəzifələrini icra edən Elşən Məmmədov, Elm və innovasiya məsələləri üzrə prorektor Qurban Qurbanlı, Pedaqoji fakültənin dekanı Samirə Həsənova, Tədris şöbəsinin müdiri Əhruz Mahmudova, kafedraların müdirləri və əməkdaşları, eləcə də müxtəlif ixtisaslar üzrə təhsil alan tələbələr iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan Elşən Məmmədov seminarın əhəmiyyətini vurğulayıb və dilçilik elminin inkişafında yeni istiqamətlərin müzakirə edilməsinin vacibliyini qeyd edib. O, dünyada dillərin birləşməsi, kreolizasiya və pidgin proseslərinin dil öyrənməyə və mədəniyyətlərarası əlaqələrə təsirini müasir elmi araşdırmalar baxımından izah edib. Elşən Məmmədov, bu cür seminarların elmi müzakirələrə və yeni tədqiqat mövzularının inkişafına təkan verdiyini, institutun elmi həyatına dəyərli töhfələr verdiyini vurğulayıb.
Daha sonra kafedranın baş müəllimi, “Dünya ədəbiyyatı (İngilis ədəbiyyatı)” ixtisası üzrə fəlsəfə doktoru hazırlığı üzrə dissertant Aygün Əsgərova “Dillərin birləşməsi, kreolizasiya və pidgin haqqında ənənəvi və yeni bilgilər” mövzusunda təqdimatla çıxış edib. O, bu dillərin necə və hansı şəraitdə yarandığı, struktur xüsusiyyətləri və cəmiyyətlərdəki funksiyaları barədə ətraflı məlumat verib.
Məruzə seminar iştirakçıları tərəfindən maraqla qarşılanıb və mövzu ətrafında geniş müzakirələr aparılıb. Fikir mübadiləsi zamanı bu dillərin tarixi, dil öyrənməyə təsiri və interkultural ünsiyyətdəki rolu ön plana çəkilib.
Elm və innovasiya məsələləri üzrə prorektor Qurban Qurbanlı seminarda çıxış edərək dillərin təması nəticəsində yaranan pidgin və kreol dillərinin yalnız dilçiliklə deyil, eyni zamanda sosial və mədəni əlaqələrlə bağlı vacib məlumatlar təqdim etdiyini qeyd edib. O, bu dillərin mədəniyyətlerarası ünsiyyətə təsirini vurğulayıb və dil öyrənmə metodlarının inkişafının əhəmiyyətini bildirib.
İştirakcilar tərəfindən tədbirin yüksək səviyyədə təşkil olunduğu və belə elmi seminarların institutun akademik həyatında mühüm rol oynadığı qeyd edilib.
Aygül Məmmədova
Mətbuat və ictimaiyyətlə əlaqələr üzrə baş mütəxəssis