17 fevral 2025-ci il tarixindən etibarən Naxçıvan Müəllimlər İnstitutunda bir sıra ixtisaslar üzrə təhsil alan magistrantların 8 həftəlik elmi-tədqiqat və elmi-pedaqoji təcrübələri həyata keçirilib. Təcrübə müddətində onlar həm nəzəri biliklərini tətbiq etmək, həm də elmi-pedaqoji fəaliyyət sahəsində praktik vərdişlər qazanmaq imkanı əldə ediblər.
Təcrübə proqramında Təhsildə sosial-psixoloji xidmət, Pedaqogika nəzəriyyəsi və tarixi, Riyaziyyat müəllimliyi (Riyaziyyatın tədrisi və metodikası və metodologiyası ixtisaslaşması) və Təsviri incəsənət müəllimliyi (Təsviri incəsənət fənninin tədrisi metodikası və metodologiyası ixtisaslaşması) ixtisasları üzrə II kurs magistrantlar iştirak ediblər.
Tədbiri giriş sözü ilə institutun Tədris işləri üzrə prorektoru, rektor vəzifələrini icra edən Elşən Məmmədov açaraq, magistrantları təcrübə dövründə göstərdikləri fəaliyyətə görə təbrik edib. O, çıxışında elmi-tədqiqat və pedaqoji təcrübənin magistrantların akademik və peşəkar inkişafında oynadığı rolu vurğulayıb.
Elşən Məmmədov tədbirin əhəmiyyətini vurğulayaraq, gələcəkdə bu kimi fəaliyyətlərin daha geniş miqyasda təşkili və magistrantların elmi bacarıqlarının inkişaf etdirilməsi üçün yeni şəraitlərin yaradılacağını da qeyd edib.
Təcrübənin yekunlarına həsr olunmuş konfransda Magistratura və doktorantura şöbəsinin müdiri Qızıltac Şahbazova çıxış edərək, “Elmi-tədqiqat və elmi-pedaqoji təcrübənin nəticələri” haqqında geniş məlumat verib.
Təcrübə rəhbəri Təranə Əliyeva isə öz çıxışında magistrantlar tərəfindən təhvil verilmiş sənədlərin məzmunu, tərtibatı, keyfiyyəti və sistemli yanaşma ilə bağlı fikirlərini bölüşüb.
Tədbirdə iştirak edən magistrantların elmi rəhbərləri də çıxış edərək, təcrübə müddətində tələbələrin fəaliyyətinə verilən elmi-pedaqoji dəstək və müşahidələr barədə məlumat veriblər. Bildirilib ki, bütün mərhələlərdə təcrübələrin gedişi institut rəhbərliyinin diqqət mərkəzində saxlanılıb və magistrantların hazırladıqları yekun hesabatlar qənaətbəxş hesab olunub.

