Naxçıvan Müəllimlər İnstitutu Elmi Şurasının genişləndirilmiş iclası keçirilib

İnstitutun Tədris işləri üzrə prorektoru, rektor vəzifələrini icra edən, elmi şuranın sədr əvəzi dosent Elşən Məmmədov şuranın işini açıq elan edib.
O, “İnstitutda 2024-2025-ci tədris ilinin payız semestrinin imtahan sessiyasının yekunları və qarşıda duran vəzifələr haqqında” geniş məruzəsində imtahan sessiyasının nəticələri və gələcəkdə tədris prosesinin daha da təkmilləşdirilməsi istiqamətindəki planlar haqqında təqdimat edib. İmtahan nəticələrinin təhlili, tələbələrin uğurları və qarşıda duran vəzifələr müzakirə edilib.
Sonra Strateji İnkişaf və Keyfiyyət Təminatı Bölməsinin müdiri Aytəkin Əliyeva keyfiyyət təminatı sahəsində həyata keçirilən tədbirlər və gələcək fəaliyyətlər haqqında geniş məlumat verib. Tədris keyfiyyətinin yüksəldilməsi, tələbə məmnuniyyətinin artırılması və institutun beynəlxalq standartlara uyğunluğunun təmin edilməsi mövzularında fikirlərini bölüşüb.
Həmçinin İnstitutun Elmi katibi, dosent Azad Novruzov yaz semestrində adll-təqaüdə layiq görüləcək tələbələrin təsdiqi və bu sahədə görüləcək işlər haqqında məlumat verib. Pedaqoji təcrübə rəhbəri Təranə Əliyeva pedaqoji təcrübənin təşkil olunması və bu sahədə qarşıya qoyulan məqsədlərin yerinə yetirilməsi, təcrübənin keyfiyyətinin artırılması, tələbələrin praktiki bacarıqlarının inkişafı barəsində, Tələbə-Gənclər Təşkilatının sədri Altay Cəfərli, təşkilatın fəaliyyəti və keçirdiyi tədbirlər, əldə olunmuş uğurlar haqqında hesabat təqdim edib.
Sonda Azad Novruzov cari məsələləri elmi şura üzvlərinin diqqətinə çatdırıb. Bu sahədəki tövsiyələr və təkliflər müzakirə edilib.
İnstitutun bir qrup əməkdaşı imtahan sessiyasında fəallıq göstərdiyinə və səmərəli fəaliyyətinə görə rəhbərlik tərəfindən təşəkkürnamələrlə təltif edilib.
Aygül Məmmədova
Mətbuat və ictimaiyyətlə əlaqələr üzrə baş mütəxəssis