Naxçıvan Müəllimlər İnstitutunda “Kiberhücumlara qarşı mübarizə və təhlükəsizlik tədbirləri” mövzusunda tədbir keçirilib.
Bu gün Naxçıvan Müəllimlər İnstitutu və Naxçıvan Muxtar Respublikası Prokurorluğunun birgə təşkilatçılığı ilə institutun tələbələri üçün “Kiberhücumlara qarşı mübarizə və təhlükəsizlik tədbirləri” mövzusunda tədbir keçirilib.
Tədbir müasir kibertəhlükəsizlik məsələlərinin əhəmiyyətinə diqqət çəkilməsi və müvafiq sahədəki peşəkar mütəxəssislərlə bir araya gələrək xüsusilə kiberhücumların qarşısının alınması, təhlükəsizlik tədbirlərinin gücləndirilməsi və müasir dövrün tələblərinə uyğun məlumat texnologiyaları sahəsindəki yeniliklərin müzakirəsi məqsədi daşıyıb.
İnstitutun Ümumi işlər üzrə prorektoru Xəyal Camalov giriş sözü ilə tədbiri açıq elan edib. Ardınca, Naxçıvan Muxtar Respublikası Prokurorluğunun Hüquqi təminat və insan hüquqları məsələləri şöbəsinin rəisi, baş ədliyyə müşaviri Faiq Səfərov, Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin Cinayət-axtarışı idarəsinin Kibercinayətkarlıqla mübarizə bölməsinin baş əməliyyat müvəkkili, polis kapitanı Əli Qasımlı, Naxçıvan Dövlət Universitetinin İnformasiya Texnologiyaları şöbəsinin müdiri Hüseyn Əsgərli və Azərbaycan Respublikası Mərkəzi Bankının Naxçıvan MR İdarəsinin Maliyyə bazarı iştirakçılarının hüquqlarının müdafiəsi bölməsinin əməkdaşı Mərhəmət Bayramov çıxış ediblər.
Tədbirdə mövzunun əhəmiyyətindən danışılıb, iştirakçılara sosial şəbəkələrdən istifadə zamanı informasiya təhlükəsizliyinə riayət olunması, kart məlumatlarının qorunması, kiberhücumlara qarşı mübarizə tədbirləri və digər mövularda ətraflı məlumatlar verilib. Çıxışlarda bildirilib ki, kiberhücumlar müasir dövrün ən böyük təhdidlərindən biri olaraq, həm fərdi şəxslərin, həm də dövlət və şirkətlərin təhlükəsizliyini ciddi şəkildə təhdid edir. Ona görə də, təhlükəsizlik tədbirlərinin gücləndirilməsi üçün istifadəçi təhsilinin artırılması, məlumatların qorunması sahəsində təlimlər və maarifləndirmə işləri davamlı surətdə aparılmalıdır. Çıxışçılar iştirakçıların diqqətinə çatdırıb ki, gələcəkdə kibertəhlükəsizlik sahəsində gənclər üçün ən önəmli çağırışlardan biri, bu təhlükələrə qarşı mübarizədə texnoloji inkişafları izləmək və onları tətbiq etməklə yanaşı, təhlükəsizlik tədbirlərini də davamlı olaraq təkmilləşdirmək olacaq. Çünki, kiberhücumlar fərdi şəxslərdən tutmuş dövlət qurumlarına və böyük şirkətlərə qədər geniş miqyasda təhlükə yaradır. Həmçinin ölkəmizdə kibercinayətkarlığa qarşı qabaqlayıcı tədbirlər görülür.
Tədbirin sonunda iştirakçılarla müzakirə sessiyası keçirilib, mövzu ilə bağlı fikirləri dinlənilib, onları maraqlandıran suallar cavablandırılıb.
Aygül Məmmədova
Mətbuat və ictimaiyyətlə əlaqələr üzrə baş mütəxəssis

