Naxçıvan Müəllimlər İnstitutunda Təbiət və incəsənət fakültəsinin və Ümumi fənlər kafedrasının təşkilatçılığı ilə “Qarabağın flora və faunası” adlı elmi-praktiki konfrans keçirilmişdir. İlk öncə konfrans iştirakçıları Vətən müharibəsi şəhidlərinin xatirəsini bir dəqiqəlik sükutla yad edilmiş və ardınca Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilmişdir.
Giriş sözü ilə çıxış edən fakültənin dekanı dosent Rövşən Vəliyev konfrans iştirakçılarının nəzərinə çatdırmışdır ki, Azərbaycanın ayrılmaz hissəsi olan Qarabağın füsunkar təbiəti, yaşı minilliklərlə ölçülən abidələri, qonaqpərvər insanları və zəngin mədəniyyəti var. 2020-ci ildə 44-günlük müharibə nəticəsində 30 ilə yaxın davam edən işğal zülmündən şanlı Azərbaycan Ordusu tərəfindən azad olmuş Qarabağ bu gün yenə də əvvəlki əzəmətini təcəssüm etdirir.
Konfransın gedişində Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyinin Bioresurslar İnstitutunun (Naxçıvan) elmi katibi, biologiya elmlər doktoru İbrahimov Ənvər, Ümumi fənlər kafedrasının müdiri Quliyev Nizami, kafedranın müəllimləri Nurlanə Novruzi və Səfərova Gülnarə konfransın mövzusu ilə bağlı çıxışlar edərək bildirmişdilər ki, Qarabağ bölgəsi yeraltı sərvətləri ilə yanaşı yerüstü təbii sərvətlərlə də zəngindir. Qarabağ özünün təbiəti, landşaft örtüyü, iqlimi, flora və faunası, mədəni bitkilərin zənginliyi ilə həmişə məşhur olub. Erməni vandalizminə məruz qalmadan öncə burada çoxsaylı nadir, o cümlədən “Azərbaycanın Qırmızı kitabı” na daxil edilmiş bitki və heyvan növləri, qoruq və yasaqlıqlar mövcud olub.
Konfransın sonunda Qarabağın zəngin təbiətini özündə əks etdirən videoçarx nümayiş olunmuşdur.

