İnstitutun professor-müəllim və əməkdaşlarının iştirak etdiyi iclas Vətən uğrunda canlarından keçmiş qəhrəman şəhidlərimizin və ümummilli lider Heydər Əliyevin əziz xatirəsinin bir dəqiqəlik sükütla yad edilməsi ilə öz işinə başlayıb.
Elmi Şurada giriş sözü ilə çıxış edən institutun rektoru Azad Novruzov ilk öncə 01 sentyabr 2024-cü il tarixdə keçirilən Azərbaycan Respublikası Parlament seçkilərinin xalqın fəallığı nəticəsində uğurla keçirilməsi münasibətilə institutun professor-müəllim heyətini, bütün Azərbaycan xalqını təbrik edib, inkişafın bütün sahələrində Azərbaycan modelinin əhəmiyyətindən danışıb.
Rektor diqqətə çatdırıb ki, hərtərəfli dövlət qayğısı ilə əhatə olunmuş Naxçıvan Müəllimlər İnstitutunun fəaliyyəti 2024-2025-ci tədris ilində də illik strateji fəaliyyət planına və cari məsələlərə uyğun qurulmalıdır. Azərbaycan Respublikası Prezidentinin təhsil və elmlə bağlı imzaladığı Sərəncam və Fərmanlar, təsdiq etdiyi Dövlət proqramları, Strateji inkişaf planı, Yol xəritəsi və digər direktiv sənədlərdən irəli gələn məsələlər əsas götürülməlidir. Azad Novruzov qarşıda duran vəzifələr və perspektivlər haqqında geniş çıxışında qeyd edib ki, Naxçıvan Müəllimlər İnstitutu alimlərinin, professor və müəllim heyətinin beynəlxalq jurnallarda dərc olunan əsərlərinin bu il də davam etməsi, onların ölkə və dünya miqyasında nailiyyətlərinin davam etdirilməsi üçün qarşıya mühüm məqsədlər qoyulur. O, ali təhsilin hər üç səviyyəsində qəbulla bağlı məsələlərə, institutda fəaliyyət göstərən fəlsəfə doktorluq Dissertasiya Şurasının fəaliyyətinə toxunub, tələbələrin elmi tədqiqat sahəsində mövcud fəaliyyətlərinin qənaətbəxş olduğunu da vurğulayıb.
Sonra İnstitutun Tədris işləri üzrə prorektoru Elşən Məmmədov 2024-2025-ci tədris ilinə hazırlığın ümumi vəziyyəti və bu il üçün illik iş planının təsdiqi haqqında, Ümumi işlər üzrə prorektor İlqar Hacıyev qarşıdan gələn tədris ilində tələbələrlə aparılacaq tərbiyəvi, mədəni-kütləvi işlərin və institutun ümumi işlərinə aid illik planının təsdiqi haqqında, Elmi katib Qurban Qurbanlı Naxçıvan Müəllimlər İnstitutunun Elmi Şurasının 2024-2025-ci tədris ilinə aid iş planının təsdiqi haqqında məruzələri dinlənilmiş, müvafiq qərarlar qəbul edilmişdir.
Aygül Məmmədova
Naxçıvan Müəllimlər İnstitutunun mətbuat və ictimaiyyətlə əlaqələr xidməti

