Naxçıvan Müəllimlər İnstitutunun rektoru vəzifələrini icra edən dosent Elşən Məmmədov ali və orta ixtisas təhsili müəssisələrinin oğlan tələbələri arasında keçirilən futzal üzrə birincilikdə uğurla çıxış edərək III yerə layiq görülən institut komandasının üzvləri ilə görüşüb.
Görüşdə komanda üzvlərini qazandıqları uğur münasibətilə təbrik edən rektor tələbələrin yarış boyu nümayiş etdirdikləri əzm, iradə və komanda ruhunu yüksək qiymətləndirib. Elşən Məmmədov bildirib ki, gənclərin idmana marağının artırılması, sağlam həyat tərzinin təşviqi və onların hərtərəfli inkişafı təhsil müəssisələrinin qarşısında duran mühüm vəzifələrdəndir. O, əldə olunan nəticənin institutun tələbə gənclərinin potensialını və idman sahəsindəki uğurlarını bir daha nümayiş etdirdiyini vurğulayıb.
Rektor gələcək yarışlarda komandanın daha yüksək nailiyyətlər qazanacağına əminliyini ifadə edərək tələbələrə yeni uğurlar arzulayıb.
Görüş zamanı tələbələr göstərilən diqqət və dəstəyə görə institut rəhbərliyinə minnətdarlıqlarını bildiriblər.
Qeyd edək ki, Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin təşkilatçılığı ilə şəhidlərin xatirəsinə həsr olunmuş ali və orta ixtisas təhsili müəssisələrinin oğlan tələbələri arasında keçirilən futzal üzrə birincilikdə Naxçıvan Müəllimlər İnstitutunun komandası üçüncülük uğrunda oyunda qalib gələrək yarışın bürünc mükafatçısı olub. Komanda yarışın yekununda diplom, medal və kubokla təltif edilib.


