NMİ-də 28 May – Müstəqillik Gününə həsr olunmuş dəyirmi masa keçirilib

25 may tarixində Naxçıvan Müəllimlər İnstitutunda Humanitar və ictimai fənlər kafedrasının təşkilatçılığı ilə 28 May – Müstəqillik Gününə həsr olunmuş dəyirmi masa keçirilib.
Tədbirdə əvvəlcə Ümummilli Lider Heydər Əliyevin və Vətənin azadlığı və suverenliyi uğrunda canından keçən şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, ardınca Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
Dəyirmi masada giriş sözü ilə çıxış edən İnstitutun rektoru vəzifələrini icra edən dosent Elşən Məmmədov çıxışında hər bir xalqın qürur mənbəyinin onun müstəqil dövlətə sahib olması olduğunu qeyd edib. O bildirib ki, 108 il əvvəl Şərqdə ilk demokratik respublika olan Azərbaycan Xalq Cümhuriyyətinin yaradılması xalqımızın dövlətçilik tarixində mühüm və şərəfli mərhələ təşkil edir. Rektor Məhəmməd Əmin Rəsulzadənin “Bir kərə yüksələn bayraq bir daha enməz!” fikrini xatırladaraq müstəqillik ideyasının Azərbaycan xalqının milli kimliyinin və dövlətçilik ənənələrinin əsas dayaqlarından biri olduğunu vurğulayıb.
Elşən Məmmədov çıxışında həmçinin müstəqilliyimizin qorunub saxlanılmasında və möhkəmləndirilməsində Ümummilli Lider Heydər Əliyevin misilsiz tarixi xidmətlərini xüsusi qeyd edib. O bildirib ki, Ulu Öndərin uzaqgörən siyasəti nəticəsində Azərbaycan dövlətçiliyi möhkəmləndirilib, ölkədə sabitlik və inkişaf təmin olunub. Bu siyasi kursun bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyi vurğulanıb. Rektor eyni zamanda Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə əldə olunan tarixi Zəfərin Azərbaycanın ərazi bütövlüyünün bərpasında və milli qürurun yüksəlməsində mühüm rol oynadığını diqqətə çatdırıb.
Daha sonra Humanitar və ictimai fənlər kafedrasının baş müəllimi Aslan İbrahimov “Müstəqilliyimizin bərpası və tarixi Zəfərimiz” mövzusunda çıxış edib.
Ardınca kafedranın müəllimi Altay Cəfərli çıxış edərək Müstəqillik Gününün tarixi və milli dövlətçilik baxımından əhəmiyyətindən bəhs edib.
Çıxışlarda vurğulanıb ki, Azərbaycan Xalq Cümhuriyyətinin yaranması xalqımızın dövlətçilik tarixində mühüm mərhələ olmaqla yanaşı, milli kimliyin formalaşmasında və müstəqillik ideyalarının möhkəmlənməsində xüsusi rol oynayıb. Qeyd olunub ki, bu dövr həm dövlət rəmzlərinin qəbul edilməsi, həm də təhsil, ordu quruculuğu və milli institutların yaradılması baxımından əlamətdar olmuşdur. Həmçinin müstəqilliyin bərpası və onun bu gün uğurla davam etdirilməsi, əldə olunan tarixi Zəfər fonunda dövlətçilik ənənələrinin daha da gücləndiyi diqqətə çatdırılıb. Ümumilikdə, müzakirələrdə müstəqilliyin qorunmasının və gələcək nəsillərə ötürülməsinin vacibliyi xüsusi vurğulanıb.
Tədbir müzakirələrlə davam edib, sonda isə 28 May – Müstəqillik Gününə həsr olunmuş videoçarxa baxış olub.