NMİ-də “Azərbaycan gəncliyinin formalaşmasında Heydər Əliyev irsi” mövzusunda dəyirmi masa keçirilib

 

Naxçıvan Müəllimlər İnstitutunda Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr olunmuş “Azərbaycan gəncliyinin formalaşmasında Heydər Əliyev irsi” mövzusunda dəyirmi masa keçirilib.
Əvvəlcə iştirakçılar Ümummilli Lider Heydər Əliyevin əziz xatirəsini ehtiramla yad ediblər.
Tədbiri giriş sözü ilə açan Naxçıvan Müəllimlər İnstitutunun rektoru vəzifələrini icra edən Elşən Məmmədov bildirib ki, bu gün Azərbaycanın dünyada ön sıralarda tanınması Ulu Öndər Heydər Əliyevin əsasını qoyduğu dövlətçilik siyasətinin uğurlu davamının nəticəsidir. O qeyd edib ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın ərazi bütövlüyü və suverenliyi tam təmin olunub, işğal altında olan torpaqlarımız azad edilib.
Elşən Məmmədov vurğulayıb ki, hər bir vətəndaşın qarşısında duran əsas vəzifələrdən biri ölkəmizə əmanət edilən müstəqilliyi və azadlığı qorumaq, dövlətimizin milli maraqlarını müdafiə etməkdir. O, həmçinin müasir düşüncəyə əsaslanan ali təhsil sisteminin formalaşdırılmasının vacibliyini qeyd edib.
Daha sonra çıxış edən ümumi işlər üzrə prorektor Xəyal Camalov bildirib ki, Ulu Öndər Heydər Əliyevin dövlətçilik fəaliyyəti Azərbaycanın müasir tarixinin ən mühüm mərhələsini təşkil edir. O qeyd edib ki, Heydər Əliyev dövlət atributlarına xüsusi həssaslıqla yanaşmış, milli dövlətçiliyin möhkəmləndirilməsi istiqamətində mühüm addımlar atmışdır. Xəyal Camalov həmçinin Ulu Öndərin gənclərə göstərdiyi diqqət və qayğının bu gün də uğurla davam etdirildiyini vurğulayaraq, gənclərin milli ruhda yetişdirilməsinin və dövlətə sədaqət hissinin formalaşdırılmasının vacibliyini diqqətə çatdırıb.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı Azad Novruzov çıxışında bildirib ki, bu gün Azərbaycan güclü dövlət, güclü ordu və inkişaf etmiş elmə malik ölkə kimi tanınır. O qeyd edib ki, xalqın birliyi, qanunun aliliyi və müstəqil dövlətçilik prinsipləri məhz Ulu Öndər Heydər Əliyevin adı ilə bağlıdır. Deputat həmçinin Ulu Öndərin təşəbbüsü ilə keçirilən Azərbaycan gənclərinin birinci forumunun ölkədə gənclər siyasətinin formalaşmasında mühüm rol oynadığını diqqətə çatdırıb. Bildirilib ki, bu siyasətin nəticəsi olaraq Azərbaycan gəncləri bu gün müxtəlif sahələrdə mühüm uğurlar qazanaraq ölkəmizi beynəlxalq arenada layiqincə təmsil edirlər.
Daha sonra çıxış edən Humanitar və ictimai fənlər kafedrasının müəllimi Altay Cəfərli Ulu Öndər Heydər Əliyevin Azərbaycan gənclərinin intellektual və mənəvi inkişafında mühüm rolundan bəhs edib. O qeyd edib ki, Heydər Əliyevin gənclər siyasəti bu gün də uğurla davam etdirilir, milli-mənəvi dəyərlərə bağlı gəncliyin formalaşmasına xidmət edir. Həmçinin Ulu Öndərin təşəbbüsü ilə Azərbaycan gənclərinin Birinci Forumunun keçirildiyi və ölkəmizdə 2 fevral – Azərbaycan Gəncləri Gününün qeyd olunmasının bu siyasətin mühüm göstəricisi olduğu vurğulanıb.
Müzakirələr zamanı çıxış edən Elm və innovasiya məsələləri üzrə prorektor Qurban Qurbanlı Ümummilli Lider Heydər Əliyevin Azərbaycan xalqına bəxş etdiyi maddi və mənəvi irsin tükənməz olduğunu bildirib. O qeyd edib ki, Ulu Öndərin təhsilə göstərdiyi diqqət və qayğı Azərbaycanın gələcək inkişafında mühüm rol oynayıb. Qurban Qurbanlı vurğulayıb ki, Heydər Əliyevin rəhbərliyi dövründə azərbaycanlı gənclərin xarici ölkələrdə təhsil almasına xüsusi önəm verilib və həmin gənclər sonradan ölkənin inkişafına töhfə verən peşəkar kadrlara çevriliblər.
Çıxışlarda qeyd olunub ki, müasir Azərbaycan bu gün Cənubi Qafqazın ən güclü və söz sahibi olan dövlətlərindən biridir. Təhsil sisteminin inkişafı, gənclərin hərtərəfli formalaşdırılması və dövlət siyasətində gənclərə göstərilən diqqət ölkənin gələcək inkişafına xidmət edir. Hər bir vətəndaşın əsas vəzifələrindən birinin Ulu Öndərin zəngin siyasi irsini öyrənmək və gələcək nəsillərə çatdırmaq olduğu vurğulanıb.