Naxçıvan Müəllimlər İnstitutunda Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin fəal iştirakı ilə hər il təşkil edilən ənənəvi ümumtəhsil elmi-praktik konfranslarının əsas məqsədi Azərbaycanda ümumi təhsilin aktual elmi problemlərini müzakirə etmək, ümumiləşdirmələr aparmaq və uyğun elmi-əməli tövsiyələr hazırlamaq, o cümlədən bu sahədə həyata keçirilən davamlı islahatları elmi cəhətdən şərh etmək, islahatların reallaşdırılması istiqamətində təcrübə mübadiləsini təmin etmək, ümumi təhsildə tətbiq edilən innovasiyaların məqsəd, mahiyyət və istiqamətlərini, habelə nəticə və əhəmiyyətini dəyərləndirmək və sairədən ibarətdir. Konfransın başlıca vəzifəsi elan olunan əsas müzakirə istiqamətləri üzrə iştirakçıların elmi ünsiyyətini səmərəli şəkildə təşkil və təmin etməkdən ibarətdir. Bu məqsəd və vəzifələrə uyğun olaraq ümumi təhsil istiqamətində çalışan tədqiqatçıları və praktik mütəxəssisləri, təhsil təşkilatçılarını, fənn müəllimlərini, məktəbəhazırlıq və ibtidai sinif müəllimlərini, pedaqoji ali və orta ixtisas təhsili müəssisələrinin professor-müəllim heyətini, pedaqoq və psixoloqları, ümumiyyətlə ümumi təhsilimizin aktual məsələləri ilə maraqlananları konfransın işində fəal iştirak etməyə dəvət edirik. Konfransın işinin hibrid (ənənəvi və videobağlantı) formatda təşkil edilməsi planlaşdırılır. Naxçıvan Muxtar Respublikasından kənarda yaşayan məruzəçilər konfransın işinə videobağlantı formatında qatıla bilərlər. Videobağlantı formatında iştirakın detalları barəsində əlavə məlumat veriləcəkdir. Bildiririk ki, konfransın uyğun iclasında müəllifi tərəfindən təqdim ediləcək məruzənin materialı institutda antiplagiat yoxlanışından keçirilməklə ayrıca topluda tezislər şəklində nəşr ediləcək və toplu rəsmi elektron saytda yerləşdiriləcək, habelə məruzəçilərə iştiraketmə sertifikatları təqdim ediləcəkdir. İştirakçılardan heç bir ödəniş tələb edilmir.
