NMİ-də Azərbaycan dili və ədəbiyyatı kafedrasının iclası keçirilib

Naxçıvan Müəllimlər İnstitutunun Azərbaycan dili və ədəbiyyatı kafedrasının iclası təşkil olunmuşdur. İclasda əməkdaşların elmi fəaliyyətinin qiymətləndirilməsi mövzusu müzakirə edilmiş, həmçinin fakültə dekanı üçün namizədlərin seçkisi həyata keçirilmişdir.
İclası giriş sözü ilə İnstitutun rektoru vəzifələrini icra edən dosent Elşən Məmmədov açaraq, kafedra əməkdaşlarının elmi fəaliyyətinin səmərəliliyinin artırılması, gələcək elmi layihələrin və tədris təşəbbüslərinin prioritetləri barədə fikirlərini bölüşmüş və öz tövsiyələrini çatdırmışdır.
Daha sonra Ümumi işlər üzrə prorektor Xəyal Camalovun rəhbərliyi ilə kafedra əməkdaşları tərəfindən fakültə dekanı namizədlərinin seçkisi açıq səsvermə vasitəsilə müzakirə edilmişdir.
Tədbir iştirakçıların fəal iştirakı ilə keçmiş və institutda elmi fəaliyyətin keyfiyyətinin yüksəldilməsi, idarəetmənin səmərəliliyinin artırılması baxımından əhəmiyyətli olmuşdur.