Naxçıvan Müəllimlər İnstitutunun daha bir əməkdaşı elmi dərəcə alıb

Naxçıvan Müəllimlər İnstitutunun Pedaqogika və psixologiya kafedrasının əməkdaşı Tamara Baxşəliyeva Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyası tərəfindən pedaqogika üzrə fəlsəfə doktoru elmi dərəcəsinə layiq görülüb.
Bu münasibətlə institutun rektoru vəzifələrini icra edən Elşən Məmmədovun, prorektorluqların, struktur bölmələri rəhbərlərinin və kafedra müdirlərinin iştirakı ilə iclas keçirilib.
İclası giriş sözü ilə açan rektor vəzifələrini icra edən Elşən Məmmədov Tamara Baxşəliyevanı əldə etdiyi elmi nailiyyət münasibətilə təbrik edərək bildirib ki, bu uğur yalnız fərdi nailiyyət deyil, eyni zamanda institutun elmi potensialının inkişafının bariz göstəricisidir. O qeyd edib ki, institutda elmi fəaliyyətin təşviqi, gənc tədqiqatçıların dəstəklənməsi və elmi kadrların hazırlanması daim diqqət mərkəzində saxlanılır.
İclasda çıxış edən digər əməkdaşlar da Tamara Baxşəliyevanı təbrik edərək, ona elmi fəaliyyətində davamlı uğurlar diləyiblər.
Bu uğur münasibətilə əməkdaşımızı təbrik edir, ona gələcək elmi və pedaqoji fəaliyyətində yeni nailiyyətlər arzulayırıq!