NMİ-də ümuminstitut elmi-praktik konfranslar çərçivəsində elmi-praktik konfrans keçirilib

Naxçıvan Müəllimlər İnstitutunda ümuminstitut elmi-praktik konfranslar çərçivəsində Riyaziyyat və informatika kafedrasının təşkilatçılığı ilə “Ümumtəhsil məktəblərində informatika və onun tədrisinin aktual problemləri” mövzusunda elmi-praktik konfrans keçirilmişdir.
Konfransı giriş sözü ilə açan institutun rektoru vəzifələrini icra edən dosent Elşən Məmmədov çıxışında müasir dövrdə informasiya-kommunikasiya texnologiyalarının təhsil sistemində artan rolundan bəhs etmiş, informatika fənninin tədrisinin təkmilləşdirilməsinin vacibliyini vurğulamışdır.
Daha sonra plenar iclasda çıxış edən Yaqub Məmmədov riyaziyyat və informatika sahəsində aparılan elmi-pedaqoji tədqiqatlar, eləcə də bu istiqamətdə həyata keçirilən işlər barədə ətraflı məlumat vermiş, “Riyazi məsələlərin həllində sonlu fərqlər üsulunun tədrisi texnologiyaları” mövzusunda məruzə ilə çıxış etmişdir.
Konfrans öz işini bölmə iclasları ilə davam etdirmişdir. Bölmə iclaslarında ümumtəhsil məktəblərində riyaziyyat və informatikanın tədrisində süni intellekt və İKT-dən istifadə, rəqəmsal texnologiyaların tətbiqi, proqramlaşdırmanın tədrisi, pedaqoji yanaşmalar, eləcə də şagirdlərin riyazi təfəkkürünün inkişafı kimi aktual məsələlərə toxunulmuş, mövzular ətrafında geniş müzakirələr aparılmış, tədris prosesində innovativ texnologiyaların tətbiqi və təhsilin keyfiyyətinin artırılması istiqamətində təkliflər irəli sürülmüşdür.