Naxçıvan Müəllimlər İnstitutunda institut rəhbərliyi ilə tələbə təşkilatlarının fəal tələbələri arasında açıq mikrofon formatında görüş keçirilmişdir.
Tədbiri giriş sözü ilə açan institutun rektoru vəzifələrini icra edən Elşən Məmmədov görüşün əsas məqsədinin tələbələrlə birbaşa və açıq dialoqun qurulması, onların fikir və təkliflərinin dinlənilməsi olduğunu vurğulamışdır. Bildirilmişdir ki, tələbələrin təşəbbüslərinin dəstəklənməsi və idarəetmədə iştirakının genişləndirilməsi institutun əsas prioritetlərindəndir.
Daha sonra çıxış edən institutun Ümumi işlər üzrə prorektoru Xəyal Camalov tələbələrlə aparılan işlərin davamlı xarakter daşıdığını qeyd etmiş, onların sosial və elmi fəallığının artırılması istiqamətində həyata keçirilən tədbirlər barədə məlumat vermişdir.
Görüşdə iştirak edən institutun Həmkarlar İttifaqı Komitəsinin sədri Xatın Ağayeva, Tələbə Gənclər Təşkilatının sədri Altay Cəfərli, Tələbə Həmkarlar İttifaqı Komitəsinin sədri Zeynəb Abbaslı və Tələbə Elmi Cəmiyyətinin sədri Aysuman Rüstəmova çıxış edərək tələbələrin aktiv iştirakının əhəmiyyətini vurğulamış, rəhbərliklə bu cür açıq ünsiyyət mühitinin yaradılmasını yüksək qiymətləndirmişlər.
Tədbirin əsas hissəsi açıq mikrofon formatında davam etmiş, tələbələr sərbəst şəkildə çıxış edərək təklif və fikirlərini səsləndirmiş, onları maraqlandıran suallar birbaşa rəhbərlik tərəfindən cavablandırılmışdır.


