NMİ-də “Şəhərsalma və Memarlıq ili” çərçivəsində rəsm sərgisi və kitab təqdimatı keçirilib

02 mart 2026-cı il tarixində Naxçıvan Müəllimlər İnstitutunda İncəsənət kafedrasının müdiri, Əməkdar rəssam, sənətşünaslıq üzrə fəlsəfə doktoru Həbibə Allahverdiyevanın “Naxçıvan mövzusu rəngkarlıq və qrafikada” adlı kitabının təqdimatı və eyni adlı rəsm sərgisi təşkil olunub.
Tədbiri giriş sözü ilə institutun Tədris işləri üzrə prorektoru, rektor vəzifələrini icra edən dosent Elşən Məmmədov açıb. O bildirib ki, ölkəmizdə elan olunmuş “Şəhərsalma və Memarlıq ili” çərçivəsində NMİ-nin təsdiqlənmiş Tədbirlər planına əsasən belə bir kitabın işıq üzü görməsi xüsusi əhəmiyyət daşıyır. Nəşr Naxçıvanın memarlıq irsinin təbliği və gələcək nəsillərə çatdırılması baxımından mühüm töhfədir.
AMEA-nın Naxçıvan Bölməsinin sədri, akademik İsmayıl Hacıyev kitabı elmi baxımdan təhlil edərək onun mənbə bazasının zənginliyini, tədqiqat metodunun ardıcıllığını və Naxçıvanın tarixi-mədəni abidələrinin öyrənilməsinə verdiyi töhfəni yüksək qiymətləndirib.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı, institutun elmi katibi dosent Azad Novruzov Həbibə Allahverdiyevanın elmi və yaradıcılıq fəaliyyətindən danışıb, kitabın struktur xüsusiyyətlərinə toxunaraq ədəbiyyat siyahısının zənginliyinə və istifadə olunan mənbələrin əhatəliliyinə diqqət çəkib.
Tədbirdə çıxış edən Tarix elmləri doktoru, dosent Zeynəb Quliyeva çıxış edərək deyib ki, Həbibə Allahverdiyevanın tədqiqatları və “Şəhərsalma və Memarlıq ili” çərçivəsində nəşr olunmuş kitabı Naxçıvanın tarixi abidələrinin öyrənilməsinə yeni baxış gətirir. Onun əsərləri yalnız sənət əsəri deyil, həm də tariximizi gələcək nəsillərə çatdıran bir vasitədir və bu nəşr tələbələr və elmi ictimaiyyət üçün dəyərli mənbədir.
İncəsənət kafedrasının dosenti Nizami Alıyev bildirib ki, bu kitab Naxçıvanın zəngin memarlıq irsini gənc nəslə tanıtmaq baxımından böyük əhəmiyyətə malikdir. O əlavə edib ki, sənətşünas alimin qrafik əsərləri həm elmi, həm də estetik baxımdan çox dəyərlidir və sərgidə təqdim olunan işlər Naxçıvanın memarlıq və tarixi abidələrinin ruhunu yüksək səviyyədə əks etdirir.
Tədbirdə AMEA Naxçıvan Bölməsinin əməkdaşı, şair-publisist Qafar Qənbərov da çıxış edərək müəllifi təbrik edib. O, sənətşünas alim Həbibə Allahverdiyevanın elmi və yaradıcılıq fəaliyyətini yüksək qiymətləndirərək, kitabın Naxçıvan memarlığı və estetik prinsiplərin öyrənilməsi baxımından da əhəmiyyətini vurğulayıb.
Sonda çıxış edən müəllif Həbibə Allahverdiyeva bildirib ki, bu kitab və sərgi onun üçün Naxçıvanın memarlıq irsini öyrənmək və insanlara çatdırmaq baxımından böyük bir yolculuqdur. Vaxtilə tələbəlik dönəmlərində ona müxtəlif istiqamətlər verən, indi çiyin çiyinə çalışdığı müəllimləri, sənət ustaları tərəfindən gözəl sözlər eşitmək onu çox sevindirir. Əməkdar rəssam tədbirin yüksək səviyyədə təşkilinə görə institut rəhbərliyinə, tədbirdə iştirak edən elm adamlarına, rəssamlara dərin minnətdarlığını bildirib.
Tədbir çərçivəsində müəllifin Naxçıvan mövzusuna həsr olunmuş qrafik əsərlərindən ibarət sərgiyə baxış keçirilib. İştirakçılar əsərlərin texniki və estetik keyfiyyətini yüksək qiymətləndirərək Naxçıvanın memarlıq irsinin qrafik sənətdə necə təsvir olunduğunu yaxından izləyiblər. Sərgi həm peşəkar rəssamlar, həm də tələbələr üçün Naxçıvanın tarixi irsini daha dərindən anlamaq və qiymətləndirmək baxımından əhəmiyyətli olub.