26 fevral 2026-cı il tarixində Naxçıvan Müəllimlər İnstitutu və Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin birgə təşkilatçılığı ilə Xocalı soyqırımının 34-cü ildönümünə həsr olunmuş “Xocalı soyqırımı: Unudulmayan tarix” mövzusunda anım tədbiri keçirilib. Tədbirdə İnstitutun professor-müəllim heyəti, tələbələri, eləcə də Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin bir qrup əməkdaşı və könüllüləri iştirak ediblər.
Tədbirdən öncə Xocalı qurbanlarının əziz xatirəsinə həsr olunmuş sərgiyə baxış keçirilib. Sərgidə Naxçıvan Müəllimlər İnstitutunun tələbələrinin hazırladıqları rəsm və əl işləri nümayiş olunub. Ekspozisiyada Xocalı faciəsinin ağrı-acısı, şəhidlərin xatirəsi və xalqımızın sarsılmaz iradəsi bədii ifadə vasitələri ilə əks etdirilib.
Rəsmi hissə Xocalı soyqırımı qurbanlarının və Vətən uğrunda canından keçmiş şəhidlərin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi, ardınca Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb.
Tədbirin açılışında çıxış edən Naxçıvan Müəllimlər İnstitutunun rektoru vəzifələrini icra edən Elşən Məmmədov Xocalı soyqırımının təkcə Azərbaycan xalqına qarşı deyil, bütövlükdə insanlığa qarşı törədilmiş ağır cinayət olduğunu bildirib. O qeyd edib ki, Xocalı faciəsi xalqımızın yaddaşında dərin iz buraxmış, milli həmrəyliyimizi və mübarizə əzmimizi daha da gücləndirmişdir.
Elşən Məmmədov vurğulayıb ki, Ümummilli Lider tərəfindən əsası qoyulan dövlətçilik və milli maraqlara söykənən siyasət bu gün Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan tərəfindən uğurla davam etdirilir. Dövlətimizin atdığı qətiyyətli addımlar, qəbul olunan strateji qərarlar ölkəmizin siyasi, iqtisadi və hərbi baxımdan hərtərəfli inkişafını təmin edib. O, Xocalı həqiqətlərinin beynəlxalq ictimaiyyətə çatdırılmasının, gənclərin vətənpərvərlik ruhunda tərbiyəsinin hər iki qurumun əsas vəzifələrindən biri olduğunu diqqətə çatdırıb.
Sonra çıxış edən Naxçıvan Muxtar Respublikası Gənclər və İdman nazirinin müavini, nazir vəzifələrini müvəqqəti icra edən Məcid Seyidov Xocalı soyqırımının Azərbaycan tarixində ən faciəli səhifələrdən biri olduğunu bildirib. O qeyd edib ki, artıq beş ildir xalqımız Xocalını qisası alınmış bir faciə kimi anır. Məcid Seyidov vurğulayıb ki, 44 günlük Vətən müharibəsində əldə olunan tarixi Zəfər nəticəsində ölkəmizin ərazi bütövlüyü bərpa olunub, şəhidlərimizin qanı yerdə qalmayıb.
Nazir həmçinin gənclərin milli-mənəvi dəyərlərə sadiq, vətənpərvər ruhda formalaşmasının vacibliyini qeyd edərək bildirib ki, bu istiqamətdə keçirilən tədbirlər gənclərin tariximizə bağlılığını möhkəmləndirir və onların dövlətçilik şüurunun inkişafına mühüm töhfə verir.
Tədbirin davamında İnstitutun Ümumi işlər üzrə prorektoru Xəyal Camalov “Xocalı soyqırımı – dünənin faciəsi, bu günün mübarizəsi” mövzusunda çıxış edərək faciənin tarixi-siyasi mahiyyətindən, xalqımızın keçdiyi mübarizə yolundan bəhs edib.
Daha sonra Humanitar və ictimai fənlər kafedrasının müəllimi Altay Cəfərli “Xocalı – Milli yaddaşımızın sönməyən alovu” mövzusunda məruzə ilə çıxış edərək Xocalının milli yaddaşımızdakı yerini, bu tarixin unudulmamasının və gələcək nəsillərə ötürülməsinin əhəmiyyətini vurğulayıb.
Daha sonra Xocalı soyqırımına həsr olunmuş videoçarx nümayiş etdirilib.
Tədbirin bədii hissəsində İnstitutun tələbələri tərəfindən şeirlər və ədəbi-bədii kompozisiya təqdim olunub.
Sonda Xocalı soyqırımının heç vaxt unudulmayacağı, bu faciənin xalqımızın yaddaşında əbədi yaşayacağı və gələcək nəsillərə çatdırılacağı bir daha vurğulanıb


