
20 yanvar 2026-cı il tarixində Naxçıvan Müəllimlər İnstitutunda 20 Yanvar faciəsinin 36-cı ildönümü ilə əlaqədar anım tədbiri təşkil olunub. Tədbirin əsas məqsədi 20 Yanvar şəhidlərinin əziz xatirəsini ehtiramla yad etmək, faciənin tarixi-siyasi mahiyyətini tələbə gənclərə çatdırmaq və vətənpərvərlik ruhunun gücləndirilməsinə töhfə vermək olub.
Tədbir 20 Yanvar şəhidlərinin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi və Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlanıb.
Daha sonra tədbirdə çıxış edən Naxçıvan Müəllimlər İnstitutunun rektoru vəzifələrini icra edən Elşən Məmmədov 20 Yanvar faciəsinin Azərbaycan tarixində tutduğu xüsusi yerdən bəhs edərək, bu hadisənin xalqımızın azadlıq iradəsinin və milli birlik ruhunun təcəssümü olduğunu vurğulayıb. O, gənc nəslin milli-mənəvi dəyərlər və vətənpərvərlik ruhunda yetişdirilməsində bu cür maarifləndirici tədbirlərin əhəmiyyətini xüsusi qeyd edib.
Çıxışdan sonra İncəsənət kafedrasının təşkilatçılığı ilə hazırlanmış sərgidə kafedranın müdiri Həbibə Allahverdiyeva nümayiş olunan rəsm əsərləri haqqında məlumat verib, iştirakçılar 1990-cı il 20 Yanvar hadisələrini, Azərbaycan xalqının azadlıq və müstəqillik uğrunda mübarizəsini əks etdirən sərgi ilə tanış olublar.
Bütün şəhidlərimizə Allahdan rəhmət diləyir, əziz xatirələrini dərin hörmət və ehtiramla anırıq

