NMİ-də 20 Yanvar faciəsinə həsr olunmuş dəyirmi masa keçirilib

 

19 yanvar 2026-cı il tarixində Naxçıvan Müəllimlər İnstitutunda 20 Yanvar faciəsinin 36-cı ildönümü ilə əlaqədar “20 Yanvar – xalqın sarsılmaz iradəsi” mövzusunda dəyirmi masa təşkil olunub.

Tədbir Azərbaycanın azadlıq və müstəqilliyi uğrunda canlarından keçmiş şəhidlərin müqəddəs xatirəsinin dərin ehtiramla yad edilməsi məqsədilə bir dəqiqəlik anım sükutu ilə başlanıb. Ardınca Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

Sonra giriş sözü ilə çıxış edən Naxçıvan Müəllimlər İnstitutunun rektoru vəzifələrini icra edən Elşən Məmmədov bildirib ki, 20 Yanvar faciəsinə ilk siyasi-hüquqi qiyməti Ümummilli Lider Heydər Əliyev verib. O vurğulayıb ki, Ulu Öndərin prinsipial mövqeyi bu qanlı hadisənin Azərbaycan xalqının azadlıq mübarizəsinin rəmzinə çevrilməsində həlledici rol oynayıb. Elşən Məmmədov qeyd edib ki, hər nə qədər 20 Yanvar faciəsi faciəvi hadisə kimi tarixə düşsə də, həmin gün eyni zamanda milli oyanışın, azadlıq ruhunun və müstəqillik ideyasının başlanğıcı olub. O, Möhtərəm Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qazanılan 44 günlük Vətən müharibəsində əldə olunan tarixi Zəfərin ideoloji və mənəvi təməlinin də məhz 20 Yanvar hadisələri ilə qoyulduğunu diqqətə çatdırıb.

Tədbirdə Humanitar və ictimai fənlər kafedrasının müəllimi, institut TGT sədri Altay Cəfərli “Milli azadlıq uğrunda qəhrəmanlıq – 20 Yanvar faciəsi” mövzusunda çıxış edərək, 1990-cı ilin yanvar hadisələrinin tarixi-siyasi mahiyyətindən, xalqımızın göstərdiyi qəhrəmanlıq və fədakarlıq nümunələrindən bəhs edib.

Daha sonra Pedaqogika nəzəriyyəsi və tarixi ixtisası üzrə II kurs magistrantı Tural Paşayev “20 Yanvar faciəsinin gənclərin vətənpərvərlik tərbiyəsində rolu” mövzusunda məruzə ilə çıxış edib. O, 20 Yanvar şəhidlərinin əziz xatirəsinin gənc nəslin milli-mənəvi dəyərlər əsasında formalaşmasında mühüm əhəmiyyət daşıdığını qeyd edib.

Sonda tədbir iştirakçıları mövzu ətrafında fikirlərini bölüşüb, 20 Yanvar faciəsinin Azərbaycan xalqının milli yaddaşında əbədi yaşayacağını vurğulayıblar.

 

Bu gün bizim hər birimiz 20 Yanvar şəhidlərinin, Azərbaycan xalqının azadlığı və müstəqilliyi uğrunda canlarını fəda edən bütün şəhidlərimizin əziz xatirəsini dərin ehtiramla yad edir, onların göstərdikləri misilsiz fədakarlığı heç zaman unutmuruq. Qanları ilə tarix yazan bu qəhrəmanların müqəddəs ruhu qarşısında baş əyir, onların ideallarına sadiq qalmağı özümüzə borc bilirik.